23 Temmuz 2010 Cuma

Babək Azəri hüquqçu, Siyasi mücadilədə nəzəriyyənin əhəmiyyəti

Bizim bütün siaysi davranışlarımız nəzəriyyə əsasında həyata keçir. Bu hesabla demək olar, nəzəriyyə əsas, amma əməl nəzəriyyədən doğan nəticədir.
Elmi nəzəriyyə necə tərif olunur?
Biz gündəlik yaşayışımızda güman və ehtimal əsasında müxtəlif nəzəriyyələr, yəni, fikirlər yürüdüb, onun əsasında əməl edirik. Belə nəzəriyyələr elmi nəzəriyyələrdən köklü şəkildə fərqlənir. Elmi nəzəriyyə -- güman və ehtimal yerinə, müəyyən faktlara və sübutedici sənədlərə əsaslanaraq yaranır.
Bir elmi nəzəriyyənin doğru olduğuna necə şübhə etmək olar?
Bir elmi nəzəriyyənin doğru olmadığını sübut etmək üçün iki yol var:
1.Bir elmi nəzəriyyə iki əsas hissədən ibarət olur. Birinci hissə faktlardan və sübutedici sənədlərdən. İkinci hissə bu müəyyən faktlara və sübutedici sənədlərə dayanıb, məntiq üsulları ilə müəyyən nəticə almadır. Əgər biz müvəffəq olarıqsa bir elmi nəzəriyyədə alınan nəticələrin yanlış olduğunu sübut etməyə, o zaman bu elmi nəzəriyyə etibarın əldən verməlidir və onun yerinə verilən digər yeni nəzəriyyə etibarlı elmi nəzəriyyə sayılmalıdır. Və ya əksinə, digər müvafiq əməldə özünü doğrulda biləcəyinə inandığımız yeni bir elmi nəzəriyyə düşünüb ortaya qoymalıyıq. O zamana qədər ki, bir elmi nəzəriyyədə alınan nəticələrin yanlış olduğunun sübutuna qadir deyilik. O nəzəriyyəni bir elmi nəzəriyyə kimi qəbul etməliyik.
2. Əgər bir elmi nəzəriyyəni əməldə həyata keçirəriksə və əməldə nəticə nəzəriyyə ilə fərqli olsa, bu, o mənadadır ki, nəzəriyyədə alınan nəticələr düzgün deyil. Bu vasitə ilə nəzəriyyə etibarın əldən verəcək. Misal üçün, Albert Eynşteyn bir elmi nəzəriyyə əsasında iddia edirdi ki, zamanın hərəkəti yerə yaxın və yerdən uzaq olanda bir - birindən fərqlənir. Onun fikrincə, yerin yaxınlığında zaman yavaş hərəkət edir. Biz nə qədər yerdən uzaqlaşırıqsa, zamanın hərəkətinin sürəti artır. Bu nəzəriyyəni sınaqdan keçirmək üçün 1962 - ci ildə bir qüllənin altına və başına iki dəqiq işləyən xüsusi saat bağladılar. Sonra bu saatları bir - biri ilə müqayisə edəndə, gördülər ki, qüllənin aşağısına bağlanan saat zamanın yavaş getdiyini göstərib. Bu sınaq göstərdi ki, Eynşteynin elmi nəzəriyyəsi doğrudur. Əgər bu sınaqda alınan nəticənin nəzəriyyə ilə təzadı olsaydı, o zaman, o nəzəriyyə etibarın əldən verəcəkdi. Əlbəttə, bunun bir başqa cəhəti də var. Nə zaman ki, bir elmi nəzəriyyə sınaqdan keçirilir və əməlin nəticəsi nəzəriyyənin düzgün olduğunu sübut edir, o zaman elmi nəzəriyyə danılmaz fakta çevrilir.
Siyasi nəzəriyyənin özəllikləri
Siyasət sahəsində xalis siyasi nəzəriyyə yoxdur. Hər bir siyasi nəzəriyyənin dalında müəyyən mənfəət yatır. Bu mənfəət fərdi, qrup və ya milli mənfəət ola bilər. Hər bir siyasi fikir nə qədər milli mənfəəti nəzərə alarsa, onu fərdi və qrup mənfəətindən üstün tutarsa, o nəzəriyyə bir o qədər humanist və millətin xeyrinə olan nəzəriyyə sayılır. Əksinə, hər hansı nəzəriyyə fərdi və qrup mənfəətlərinə üstünlük verərsə, o, bir o qədər opportinist və qeyri - insani nəzəriyyə hesab olunar.
Siyasət sahəsində opportinizmi humanizmdən necə ayırmaq olar?
Bu işə nail olmaq üçün biz təcrübədən faydalanmalıyıq. Çünki nəzəriyyənin necə olduğu əməldə üzə çıxır. Biz siyasətdə nəzəriyyə ilə bağlı fikri yürüdəndə əsas məqsədimiz toplumun idarə sistemidir. Dünya səviyyəsində toplumun siyasi idarəsi ilə bağlı müxtəlif nəzəriyyələr verilib, ancaq qərb ölkələrində hakim olan idarə sistemi uğurlu olduğun isbata yetirib. Qərbdə hakim olan siyasi sistemlərin 4 əsas təməli var. O təməllər bizim milli azadlıq mücadiləmizin də siyasi nəzəriyyəsində əsas sayılmalıdır. Bu elementlər aşağıdakılardan ibarətdir:
1.Milli hakimiyyət
Tamam təcrübələr nişan verir, bir millət ki, öz milli müqəddəratına hakim olmayıb, o, daim faciəli durum yaşayır. İran təki yerdə azərbaycanlıların milli hakimiyyətinin olmaması, o mənadadır ki, azərbaycanlılar hakim millətin, yəni farsların müstəmləkəsi kimi yaşayacaq.
2.Mənfəət
Gərək hər hansı bir siyasi nəzəriyyədə millətin mənfəəti əsas götürülə. Elə bu günkü dünyada da şahid olduğumuz kimi, müxtəlif ölkələr əxlaq üsullarının əsasında yox, mənfəətləri nöqteyi - nəzərindən əməl edirlər. Misal üçün, İranda 10 - cu dövr prezident seçkilərindən sonra İran rejiminin silahlı qüvvələri, xüsusən, fars məntəqələrində vətəndaşlara qarşı ağlagəlməz vəhşiliklər törətmişdirlər. Ümumi halda fars təşkilatları və bizim bəzi milli fəallarımız farsların hərəkatına "qoşulma nəzəriyyəsini" müdafiə edirdilər. Onların bu nəzəriyyəsində əxlaq üsulu əsas amil sayılırdı və bu əxlaqi sualı ortaya çəkirdilər: Necə ola bilər ki, fars məntəqələrində günahsız insanları öldürürlər, amma azərbaycanlılar susublar? Amma onlar izahat vermirdilər, azərbaycanlıların yaşıl adlı fars hərəkatına qoşulması azərbaycanlılara milli müqəddəratı həll etmək baxımından hansı mənfəəti verəcək?
3.Demokratiya
Demokratiya ilə bağlı bütün təcrübələr nişan verir, bir toplumda ki idarə sistemi qeyri - demokratikdir, o toplum çox faciəli duruma məruz qalır. Onun bariz nümunəsi İranda hakim olan vilayəti - fəqih siyasi sistemidir ki, ancaq İranda yaşayan millətlərə yox, əslində dünya ictimaiyyətinə böyük başağrısı olub. Elə bu səbəbə görə, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatında demokratiya əsas amillərdən sayılır. Elə bu səbəbə görə, hər hansı bir nəzəriyyə nə qədər milli don geyinsə, əgər qeyri - demokratik olsa, onunla kəskin formada müxalif olmalıyıq. Misal üçün, bir neçə nəfər milli fəallardan heç bir demokratik qayda - qanunlara uyğun olmadan özləri yaratdığı müəyyən bir bayrağı Güney Azərbaycanın milli rəmzi kimi təqdim edirlər. Belə qeyri - demokratik nəzəriyyələrə Milli Azadlıq Hərəkatımızda yer verilməməlidir. Bu növ düşüncələr yerindəcə tənqid olunub, təcrid edilməlidir.
4.Elm
Bildiyiniz kimi, qərb ölkələrində iqtisadi artım və inkişaf elm və texnika vasitəsi ilə mümkün olub. Elə bu səbəbə görə, nəzəriyyədə elm amili əsas cəhət sayılır. Misal üçün, İranda yaşıl adlanan hərəkatın rəhbəri Mirhüseyn Musəvinin əsas məqsədi İranda vilayəti - fəqih sistemin qoruyub, bununla da Xomeyninin bir vaxt hakim olduğu parlaq dövrünə qayıtmaq istəyirdi. Vilayəti - fəqih məfkurəsində elm və təxəssüs yerinə, iman əsas götürülür və müəyyən ruhanilər hakim elita sayılırlar. Hər hansı bir nəzəriyyə ki, elmə qarşıdır, bu, o mənadadır ki, bizim Milli Azadlıq Hərəkatımıza qarşıdır. Elə bu səbəbə görə də, bizim Milli Azadlıq Hərəkatımızla farsların yaşıl adlı hərəkatı arasında bir qırmızı xətt var.
Millətin maariflənməsi deyəndə nə başa düşünürük?
Elmi araşdırmalar nişan verir ki, hər hansı bir ölkədə iqtisadi inkişaf və artım millətin maariflənməsinə səbəb olur və toplumun siyasi bilgisini artırır. İqtisadi artım, yəni, sənəti məhsulların istehsalının artması səbəb olur telefon, faks, bilgisayar, televizorun toplumda sayı artsın və informasiya geniş yayılsın.İqtisadi inkişafdan məqsəd toplumda elm və texnikanın səviyyəsini qaldırıb, savadlıların və ali təhsil alanların sayı artıb, adamların cismi və ruhi sağlığı yaxşılaşıb, yeni idarə üsulları toplumda hakim olub və s. Bu ad aparılan amillər iqtisadi inkişaf adlanır və toplumun maariflənməsində əsas rol oynayır. Bu hesabla Güney Azərbaycanda toplum həqiqi mənada o zaman maariflənər ki, milli hakimiyyət bərpa olunub iqtisadi inkişafa və artıma səbəb olar. Biz milli azadlıq mübarizəmizdə insanların maariflənməsindən söhbət edəndə, əsas məqsədimiz ondan ibarətdir ki, millətimizdə bu qədər şüur ola ki, millətçi elitanın rəhbərliyin qəbul edə. Millətçi elitanın da öz yerində belə bir vəzifəsi var ki, Güney Azərbaycanda siyasi narazılığın təmsilçisi olmaq üçün düzgün cəhdləri həyata keçirə.

Hiç yorum yok:

Yorum Gönder