Doqquz il bundan qabaq Tehranda oxuyarkən, dostlarımdan biri məni iranşünaslıq fondlarından birinə aparmışdı. Orada diqqəti çəkən şeylər çox idi: fond sədrinin «salam» sözünə allergiyasından və ona müraciət edənlərin hamısından «dorud be» («salam» mənasındadır, əsil fars sözü sayılır – M.M.) sözünü gözləməsindən tutmuş həmin fondda ermənilərin ciddi fəaliyyətinə, Mədəniyyət naziri Ətaullah Mühaciraninin, prezident Xatəminin və xaricdə, məsələn, Avstraliyada yaşayan iranlıların ona yardımlarına qədər. Amma mənim diqqətimi hər şeydən artıq özünə çəkən və bu gün də zehnimi məşğul edən şey o oldu ki, bu fondun o qədər də zəngin olmayan kitabxanası üç hissədən – farsşünaslıq, ermənişünaslıq və kürdşünaslıq bölmələrindən ibarət idi. Həmin kitabxanada ölkədə yaşayan digər xalqlar, məsələn, türklər, ərəblər, türkmənlər, bəluclar, yaxud İrandakı dini və məzhəbi azlıqlar – sünnilər, əhli-həqq, dərvişlər, yəhudilər, xristianlar və b. haqqında bir kitab belə tapılmırdı.
Bu fondun binası Tehran universitetinin yaxınlığında idi. Bir az o tərəfdə isə ermənilərin müqəddəs Sərkis kilsəsi yerləşirdi. Mən təqribən hər gün bu məsafəni qət edirdim. Mənzilim kilsənin yaxınlığında idi və hər gün kilsənin ətrafındakı divarları görürdüm. Divarlar Türkiyə dövləti, osmanlı türkləri əleyhinə şüarlarla, 1914-cü ildə Osmanlı dövlətinin bir milyondan artıq ermənini qətlə yetirdiyini iddia edən köhnə və yeni plakatlarla dolu idi. Hər il aprelin 24-də ermənilər kilsənin qarşısına toplaşıb o hadisənin qurbanlarını yad edirdilər. Ola bilər ki, bu hadisə həqiqətən baş verib; ola da bilər ki, kimlərinsə uydurmasıdır. Amma sonradan mənə aydınlaşan həqiqət bu oldu ki, əvvəla, bu miqyasda kütləvi qırğının baş verdiyini sübut edəcək etibarlı bir sənəd yoxdur. İkincisi, bu hadisə Osmanlı dövlətinə aid edilir, halbuki bu gün belə bir dövlət mövcud deyil. Osmanlı dövləti əslində islam xilafəti tipli bir imperiya idi və orada türk, ərəb, kürd kimi müsəlman millətlər, bəzi xristian xalqlar və yəhudilər yaşayırdılar. Osmanlı dövləti və ordusunda hətta ermənilər də mənsəb sahibi idilər, o da qalsın ərəblər və kürdlər ola. Hazırkı Türkiyə Respublikası həmin imperiyanın kiçik bir hissəsidir ki, böyük zəhmətlər və çoxlu şəhidlər vermək bahasına o dövrün super gücləri, xüsusən İngiltərə qarşısında öz varlığını qoruyub saxlaya bilmişdir.Hər il aprelin 24-də türk tələbələr də kilsənin qarşısına gəlir və sözügedən məsələ barəsində ora toplaşanlarla (sonradan onlara BMT nümayəndəliyi qarşısında da mitinq keçirmək icazəsi verildi) mübahisə edirdilər, onlara soydaşlarının Arazın o tayında törətdiyi cinayətləri, Xocalı qırğını kimi hadisələri xatırladır, buradan ora edilən köməklərdən söz açırdılar. Onlar da bir neçə dəfə tələbələri döymüş, iki il əvvəl isə gənc şairlərdən birini yaralayıb xəstəxanaya düşməsinə səbəb olmuşdular.
...
Yazının devamı:
Hiç yorum yok:
Yorum Gönder