7 Ocak 2010 Perşembe

Babek Azeri, İranın üzü inqilabadır, yoxsa vətəndaş müharibəsinə?..



Babek Azəri: «İranda yaşayan bütün xalqlar həmişə rejimin dəhşətli iqtisadi, siyasi, mədəni ayrı- seçkiliklərinə məruz qalıblar»

Son günlər Iranda baş verən olaylara aydınlıq gətirmək üçün Isveçrədə yaşayan güneyli hüquqşünas Babək Azəriyə üz tutduq. O, Iran rejiminin təkcə türklərə deyil, bu ölkədə yaşayan digər xalqlara qarşı etdiyi haqsızlıqlardan danışdı.
- Iranda 10-cu dövr prezident seçkisindən sonra baş verən qanlı etiraz aksiyalarının səbəbləri nədir?
- Təqribən 12 il yarım bundan öncə Məhəmməd Xatəmi islahat şüarı ilə Iranda prezident seçilib. O zamandan bəri Iran hakimiyyəti öz içindən iki qüvvəyə ayrılıb, yəni, mühafizəkarlar və islahatçılar. 10-cu dövr prezident seçkisində iqtidarın mühafizəkar qanadı kobudcasına prezident seçkilərində saxtakarlıq edib və islahatçıların namizədi sayılan Mirhüseyn Musəvinin prezident seçilməsinə mane olub. Bu isə hakimiyyətin içində olan mühafizəkar və islahatçı qüvvələrin arasında mübarizəni daha da gücləndirdi ki, bu mübarizə sonda islahatçılara aid olan “Yaşıl” adlı bir hərəkatı formalaşdırdı. Bu hərəkatın başçısı Mirhüseyn Musəvi sayılır.
- Hakimiyyətin içində olan islahatçı və mühafizəkarların bir-birindən fərqi nədir?
- Iran hakimiyyətinə aid olan həm mühafizəkarlar, həm də islahatçılar Iranın Ana Yasasına istinad edirlər. Amma onların Iran Ana Yasasından çıxartdığı nəticə bir-birindən fərqlənir. Bunun da əsas səbəbi Iranın Ana Yasasında ziddiyyətli məqamların olmağı ilə bağlıdır. Misal üçün, Iranın Ana Yasasının 23-cü maddəsində qeyd olunur ki “Fikirlərdə təftiş aparmaq və insanları fikrinə görə cəzalandırmaq yasaqdır”. Amma 26-cı maddədə qeyd olunur ki: “Partiya və cəmiyyətlər azaddır, bu şərtlə ki, islam üsulunu və Islam Cümhuriyyətinin əsasını tapdamayalar”. Siyasi fəaliyyətlə bağlı belə bir konkret şərti qoymaq hakimiyyətə imkan verir ki, çox dəhşətli formada müxalif fikirlərin yayılmasına əngəl törədə bilsin. Iranın Ana Yasasında bu cür ziddiyyətli məqamlar çoxdur, mən ancaq bir misal gətirdim. Bildiyiniz kimi, toplumda insanlar icma formasında yaşayırlar, onların siyasi, iqtisadi, mədəni rabitələri qanun əsasında həyata keçirilir. Əgər qanunda təzadlı məqamlar olsa, rabitədə böhran yaranar.
- Cavabınızdan belə çıxır ki, siz islahatçılarla mühafizəkarlar arasında çox ciddi fərq görmürsünüz?
- Bildiyiniz kimi, dünya səviyyəsində, hətta azad ölkələrdə siyasətçilər belə tanınıblar ki, onlar əxlaq baxımından kasıb olurlar. Bunun əsas səbəbi də ondan ibarətdir ki, siyasətçilər müxalifətdə olanda çox xoşagələn vədlər verirlər, amma iqtidara gələndən sonra verdikləri vədlərin çoxuna əməl etmirlər. Elə buna görə, biz siyasətçilərin əməli əsasında onlara qiymət veririk, onların verdiyi şüar əsasında yox. Misal üçün, hal-hazırda Iranda “Yaşıl” adlanan etiraz hərəkatının rəhbəri Mirhüseyn Musəvidir. O, indi müxalifətdədir. Amma unutmayaq ki, o, islam inqilabından sonra 8 il dövlət başqanı olub. Onun təklifi ilə Iranda Milli Təhlükəsizlik Nazirliyi təsis olub. Bu nazirlik tərəfindən də hakimiyyətə müxalif qüvvələr tutulub, onlara qarşı istintaq aparılıb və minlərlə insan edam olunub…
- Söhbət indidən gedir, Musəvinin siyasi fikrində ciddi dəyişiklik ola bilməzmi?
- Mən bir yerdə oxumuşam ki, bir amerikalı alim adamları dəyişmək haqda belə deyir: bəzi adamların fikrini dəyişmək ona oxşayar ki, sabunla kömürü yuyaq bu ümidlə ki, kömür ağaracaq. Mənim fikrimcə, Musəvi də bu növ adamlardan sayılır.
- Mirhüseyn Musəvi son bildirişində, Iranda siyasi böhranla bağlı beş maddəli bir çıxış yolu göstərdi. Üçüncü maddədə siyasi məhbusların azadlığını tələb edir. Dördüncü maddədə mətbuat və informasiya vasitələrinin azad olmasını istəyir. Beşinci maddədə Iran Ana Yasasına istinad edib və tələb edir ki, partiyaların yaranmasına və xalqın qanuni toplumlarına imkan yarana. Siz belə bir konkret təkliflərə müsbət qiymət vermirsiniz?
- Iran Islam hakimiyyətinə aid olan islahatçı və mühafizəkar qüvvələr daim bu ifadəni işlədirlər: özümüz və özgə! Bu ifadə Iran rejiminin bir əsas məfkurə təməli sayılır. Onlar “özümüz” deyəndə, Iran hakimiyyətinə aid olan qüvvələri nəzərdə tuturlar. Nə zaman ki, onlar siyasi məhbusların, mətbuatın və partiyaların azadlığından söhbət açırlar, bunda da daxili qüvvələr nəzərdə tutulur, daha geniş ictimaiyyət yox. Çünki hakimiyyət dairəsindən xaric olan qüvvələri zidd inqilab sayırlar və onları siyasi qüvvə kimi nəzərə almırlar. Çox diqqətli olmalıyıq ki, Musəvi siyasi məhbusların azadlığını tələb edəndə, onun məqsədi Səid Mətinpur kimi siyasi məhbusun azadlığı deyil. Çünki Musəvi Səid Mətinpuru heç siyasi məhbus da saymır. O, prezident seçkiləri ilə bağlı Təbrizin Başumalında mitinq keçirəndə bir neçə nəfər Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəalları tutulub, Iranın ETTELAAT məmurlarına təhvil verilib. Qeyd edim ki, onlar ana dilində təhsil tələb etdikləri üçün tutulmuşlar. Musəvi indiyə kimi bu barədə bir bildiriş belə verməyib, onların tutulmasını pisləməyib. Əksinə, Təbrizdə olanda vəd edib, əgər prezident seçilərsə, çalışacaq nizamlı formada pantürkistləri aradan götürsün. Bunlardan da əlavə, unutmayaq ki, “özümüz və özgələr” ifadəsi bir məfkurə təməli kimi birinci dəfə olaraq Musəvi tərəfindən deyilib. Mən belə təklif edirəm ki, gəlin, əlimizə sabun alıb, kömürü ağartmaq fikrindən vaz keçək.
- Iran hakimiyyətinin içində olan ixtilaflar məsələnin bir tərəfidir. O biri tərəfi də Iranda yaşayan xalqlardır. Yaxşı olmaz ki, hakimiyyətin içində olan ixtilaflardan Iranda yaşayan xalqlar faydalanıb meydana çıxalar? Elə bu gün də Iranın bəzi şəhərlərində meydana çıxan küçə-bazar adamlarıdı. Onlar çox radikal şüarlar verirlər. Məsələn, Iranda dini rəhbərə və siyasi hakimiyyətə qarşı.
- Iranda yaşayan müxtəlif xalqlar, xüsusən, qeyri-fars millətlər uzun zamandır Iran rejiminin dəhşətli iqtisadi, siyasi, mədəni ayrı-seçkiliklərinə məruz qalıblar. Iran hakimiyyətinin içində yaranan təzad və onun şiddətlənməsi Iranda yaşayan xalqlara bir tarixi fürsət yaradır ki, o fürsətdən faydalanıb, öz siyasi, iqtisadi və mədəni istəklərinə çatalar. Bu gün Iran rejiminə qarşı ancaq bir vahid, güclü müxalifət yoxdur. Iranda müxalifətdən danışanda fars, türk, kürd, ərəb, bəluç, türkmən müxalifətinin adını çəkmək olar. Iranda rejimə qarşı burda yaşayan millətlərin siyasi təmsilçiləri arasında bir müəyyən platforma və ya alternativ təsdiqlənməyib. Iran rejiminin fars müxalifəti qeyri-fars millətlərə aid olan siyasi müxalif qüvvələrlə əməkdaşlıqdan çəkinir, indiki fars hakimiyyətinin yerinə başqa fars hakimiyyətinin gəlməsi üçün birtərəfli çalışır. Belə olan bir vəziyyətdə biz tarixi təcrübələrimizdən dərs almalıyıq. Misal üçün, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin başda olduğu hərəkatlar kimi, Iran yerinə, Güney Azərbaycanın tarixi ərazisində milli demokratik hökumət quruluşu yaratmağa çalışmalıyıq.
- 10-cu dövr prezident seçkilərindən sonra Güney Azərbaycanın sükutunun səbəbini müxtəlif cür izah edənlər var. Siz də bu haqda öz məqalələrinizdə yeri gəldikcə izahlar vermisiniz. Maraqlıdır, konkret olaraq bu hadisəni bu gün siz nə ilə izah etmək istəyirsiniz? Bu haqda əvvəlki fikirlərinizə əlavələr və ya dəyişiklik etmək fikriniz varmı?
- Bir məşhur söz var, deyərlər, siyasətdə fikirsiz əməl məğlubiyyətlə nəticələnər. Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı bir belə tarixi təcrübə ilə reaksiya hərəkatı deyil. Əslində elmi üsula dayanan bir hərəkatdır. Üstəlik qeyd etdiyim kimi, hal-hazırda Iranda yaşayan millətlər arasında indiki hakimiyyətə qarşı müəyyən siyasi anlaşma yoxdur. Elə buna görə, bizimlə farsların birgə meydana çıxmağına qaneedici motiv yoxdur. Birinci, bizim məqsədimiz indiki fars hakimiyyətini dəyişib, yerinə başqa fars hakimiyyəti gətirmək deyil. Ikincisi, Iran hakimiyyətinin içində mühafizəkarla islahatçılar arasında və hakimiyyətdən xaric fars müxalifətləri arasında ciddi təzadlar var. Amma onların arasında antitürk və antiazərbaycan olma siyasəti onların müştərək nöqtəsi sayılır. Elə bu səbəbə görə, onların heç birinə biz siyasi müttəfiq kimi baxa bilmərik və bu qüvvələrin xeyrinə meydana çıxa bilmərik. Elə bu səbəbə görə, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı farsların meydanda olan siyasi qüvvələrinə qarşı mənfi balans siyasəti aparır. Üçüncü, unutmayaq ki, Iran rejiminin əsas gəlirini neftin ixracı təşkil edir. Iran rejimi bu gəlirin vasitəsi ilə hökumət orqanlarını, xüsusən, hərbi qüvvələri maliyyələşdirir. O zaman rejimin çevrilməsi mümkün olar ki, Iranın neft şirkətində işçilər işi dayandıra və Iran rejimi neft gəlirindən məhrum ola. Hal-hazırda Iranda ixtişaşlar o dərəcəyə yetişməyib ki, hakimiyyəti iflic edə. Belə olan bir vəziyyətdə Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı öz gücünü meydana gətirməklə Iranda rejimi dəyişmək yerinə, çox ağır can xəsarəti görə bilər. Bunu da unutmayaq ki, bu gün fars zonalarında Iran rejimi nə qədər cinayət törədirsə, əgər Güney Azərbaycan qalxarsa, bu cinayətdən qatbaqat artığını Azərbaycanda törədəcək. Mənim fikrimcə, Güney Azərbaycanda o zaman kütləvi etirazlar keçirilməlidir ki, dövlətin əsas strukturları – ordu, polis, kütləvi informasiya vasitələri, hava meydanı millətin əlinə keçə və millət silahlanıb özünə qarşı olan zorakılığa cavab verə bilə.
- Iranda siyasi prosesler hansı istiqamətdə qabağa gedir?
- Mənim fikrimcə, Iran Islam Inqilabından öncə, şahın rejiminə qarşı Iranda yaşayan xalqlar bir vahid millət kimi etiraz aksiyalarında iştirak edirdilər. Amma yuxarıda qeyd etdiyim kimi, hal-hazırda Iran Islam hakimiyyətinə qarşı fars, türk, kürd, ərəb, bəluç müxalifətlərindən danışmaq olar. Bunların hər birisinin də özünə aid müəyyən istəkləri var. Bunlardan da əlavə, Iran rejimində islahatçı və mühafizəkar qanadların təzadları şiddətlə artmaqdadır və fars müxalifətinin içində də barışmaz təzadlar var. Misal üçün, Xalq mücahidləri, şahçılar, Iranın milli cəbhəsi və s. O biri tərəfdən də Güney Azərbaycana aid olan siyasi qüvvələrin həm Iranın fars hakimiyyəti və həm də fars müxalifəti ilə ciddi təzadları var, eyni halda kürdlərin siyasi qüvvələri ilə də müəyyən səbəblərə görə ciddi ixtilafları var. Bu gerçəklər nişan verir Iranda gedən proseslər siyasi qüvvələrin birləşməsi yox, əslində bunların arasında təzadların artması istiqamətində gedir. Belə olan bir vəziyyətdə əgər digər amilləri də bura artırsaq, nəticə ala bilərik ki, Iranda yaşayan xalqların birgə inqilabı yerinə, iç savaşa tərəf gedir.
Arzu Abdulla

Hiç yorum yok:

Yorum Gönder