3 Ocak 2010 Pazar

Ölkənin adını Persiya qoymaq, türklərin assimilyasını gücləndirmək istəyirlər

Xalq mövcud quruluşda yaşamaq istəmir

Prezident seçkilərindən sonra İranda yaranmış hakimiyyət böhranı davam edir. İyun ayından bu günə qədər xırda bir fürsət yarana kimi xalq küçələrə çıxır və rejimin siyasətini kəskin tənqid edən şüarlar verir. İlk baxışdan belə görünür ki, hakimiyyəti növbəti 4 il üçün zəbt etmiş Mahmud Əhmədinejad komandası xalqdan legitimlik qazanmadığı üçün ölkə bu vəziyyətdədir. Amma baş verən hadisələrin təhlili göstərir ki, məsələ kimin prezident olub-olmamasında deyil. Ölkədə ciddi sistem böhranı yaranıb və islahatlar olmasa ölkəni əsgi halına qaytarmaq mümkün olmayacaq.
Prezident seçkiləri zamanı hakimiyyətə alternativ qüvvəni müxalifət lideri Mirhüseyn Musəvinin başçılıq elədiyi qrup təmsil edirdi. Mirhüseyn Musəvi islam inqilabının lideri İmam Xomeyninin silahdaşı olsa da, bütün tərəqqi, islahat istəyən qüvvələrə ona səs verdilər. Çoxmilyonlu tələb ordusu Musəvini yaşıl bayrağını qaldırdı, ziyalılar, xırda və orta burjuaziya nümayəndələri, ayətullalar Musəvini seçdilər və inqilabi dəyişikliklərin baş verməsi üçün sona qədər mübarizə apardılar. Amma İranda quruluş fərqlidir. Hakimiyyətin nəzarətində rəsmi güc strukturlarından əlavə fanatiklərdən ibarət qeyri-rəsmi hərbi birləşmələr də var. Bu silahlı birləşmələr dini lideri sadiqdir və "yaşıl inqilab" elə onların gücü ilə yatırıldı. Hakimiyyətin müxalifətçiləri sındırmaq gücündə olan repressiya maşını hələdə işlək və itidir. Ona görə də inqilabi dəyişikliklər total saxtakarlıq və zor yolu ilə əngəlləndi. Mahmud Əhmədinejad təkrar hakimiyyətdə saxlandı. Amma onun hakimiyyətini nəinki xalq dini elita, ordu da qəbul etmədi. Xamneyinin rəhbərlik etdiyi Xubrəqan Məclisi prezidentə münasibət məsələsində iki yerə bölündü. Xamneyinin son qədər Əhmədinejadı müdafiə etməsi özünə qarşı hərəkatın başlanması ilə nəticələndi. Artıq Əhmədinejad yaddan çıxıb, hədəfdə İranın ali dini lideri ayətulla Seyidəli Xamneyidir.

Dini lider postunu ələ keçirmək planı

İranda sistemin özü mürtəcedir və buna kimin rəhbərlik etməsinin elə bir önəmi yoxdur. Nə qədər ki, Xomeyninin qurduğu sistem-islam rejimi yaşayacaq, İran qeyri-fars millətlərinin hüquqları təmin edilməyəcək. Çünki bu sistem qeyri-fars millətlərinin əridilməsi siyasətini həyata keçirir. Hesab edir ki, İran dövlətinin mövcudluğu şiə-cəfərilik (xomeyniçilik) ideyalogiyasının yaşamasından, qeyri-fars millətlərinin ( o cümlədən İran əhalisinin yarıdan çoxunun təşkil edən türklərin) "iranlı" adı ilə əridilməsindən keçir. Bir sözlə, Azərbaycan türkləri üçün şovinist Rəfsəncani, Məhəmməd Xatəmi ilə farslaşmış Xamneyinin elə bir təfavütü yoxdur. Onların heç biri Azərbaycan türklərinin haqqını verməyəcək. Amma məsələ burasındadır ki, fars şovinistləri türk Xamneyinin özünü belə qəbul etmir, fars ayətulla ilə əvəz etmək istəyirlər. Baxın, prezident seçkilərində Əhəmdinejada (əslində Xamneyiyə) qarşı çıxan müxalifət elitanın tərkibi başdan-başa farslardan ibarət idi. Onlar görüntü naminə türk Musəvini irəli çıxarmışdılar. Güneyli mənbənin verdiyi məlumata görə, yaşıl hərəkatda Musəvidən çox onun milliyyətcə fars olan xanımı daha fəal imiş. Yaşıl hərəkat daha çox fars şəhərlərində fəal oldu, Təbriz, Ərdəbil, Miyana, Həmədan kimi iri türk şəhərləri aksiyalara qatlımadı. Musəvi türk olsa da, Güney Azərbaycan Milli Hərəkatın çağırışına dəstək verərək antihakimiyyət aksiyalarına dəstək vermədi. Hesab edilir ki, Xamneyi hakimiyyəti Güney Azərbaycanda xalqı "türk dinit lideri devirmək istəyən hərəkata" qoşulmamağa çağırdığından Musəvi hərəkatı Güneydən dəstək almadı. Bu faktorun təsiri ola bilər. Ola bilsin ki, Xamneyi həmyerlilərini bu məsələdə duyuq salsın. Məsələ burasındardır ki, panfarsistlər həqiqətdə də Xamneyini devirmək istəyiblər.

Farslaşmanın üçüncü mərhələsi

Məlumatlı mənbə bildirir ki, Azərbaycan türklərinin qurduğu dövləti farslaşdırmış panfarsistlər növbəti mürtəce planı həyata keçirmək niyyətindədirlər. Qeyd edək ki, 1924-cü ildə ingilislərin və rusların köməyi ilə türk Qacarlar hakimiyyətdən devrildi, onların yerinə fars Pəhləvilər gətirildi. Pəhləvilər 1936-cı ildə ölkənin adını dəyişdirərək İran qoydular. Ondan sonra farslar İran boyda dövlət qurmuş Azərbaycan türkləri bütün ölkəboyu sıxışdırılmağa, dövlət idarələrindən, ordu rəhbərliyindən atılmağa başlandı. Azərbaycanlılara qarşı qanlı repressiyalar həyata keçirildi, millətin önündə gedən ziyalılar məhv edildi.
Farslaşdırmanın ikinci mərhələsi 1979-cu ildə reallaşdı. Orduda türk zabitlərin, ldövlət idarəçiliyində türk məmurların çoxalması fars şovinistlərin ayıltdı. Fars şovinisti Xomeyninin rəhbərliyi ilə həyata keçirilən islam inqilabı Azərbaycan türklərinə daha bir zərbəni vurdu. Onlarla türk general, dövlət xadimi "şahçı" adı ilə həbsə atıldı, güllələndi, sürgünə göndərildi. Son 30 ildə qeyri-farslara, özəlliklə də Azərbaycan türklərinə qarşı repressiya aparmış fars şovinistləri o qənaətə gəliblər ki, artıq islamçı maskasını atmağın, dövləti tam farslaşdırmağın zamanıdır. Futbol üzrə ötən dünya çempionatı zamanı ölkənin futbol yığmasının "Fars ulduzları" adlanması, bəzi Avropa ölkələrində ölkənin adının "Persiya" kimi göstərilməsi deyilənlərə sübutdur. Kəsəsi, fars şovinistləri farslaşdırmanın üçüncü mərhələsini reallaşdırıb ölkəni Persiya adlandırmaq istəyirlər. Xamneyiyə qarşı başlanmış hərəkatın sonucunda da bu dayanır. İslam rejiminin tarixin arxivinə verilməsi mütərrəqqi bir hal olardı. Amma bu rejimi ondan da betər bir şovinist rejim əvəzləyəcəksə, Azərbaycan türklərinin taleyi yenə qaranlıq qalacaq, soydaşlarımıza qarşı asimilyasiya siyasəti daha da intensivləşəcək. Ona görə də Azərbaycan türkləri rəngli inqilablara aldanmamalı, milli kimlik, ana dili və öz milli müqəlddəratının təyini uğrunda mübarizəni davam etdirməli və tarixi sərhədlərimiz çərçivəsində özgürlüyünə nail olmalıdır. Elman Cəfərli

Hiç yorum yok:

Yorum Gönder