3 Ocak 2010 Pazar

Elxan Zal ,Türk bütövlüyündən öncə, Azərbaycan bütövlüyü yaradılmalıdır


Tanınmış yazıçı və araşdırmaçı, Atatürk Mərkəzinin elmi işcisi, Türk Törə Ocağının və Azərbaycan Yazıçılar İttifaqının nəzdində fəaliyyət göstərən Mahmud Qaşqarlı fondunun rəhbəri Elxan Zal Qaraxanlının GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik.

- Elxan bəy, bir araşdırmaçı olaraq bu gün türk dünyasında gedən mədəni-ideoloji əlaqələrin inkişafı Sizi qane edirmi?

- O qədər də yox. Bu günkü əlaqələr daha çox dövlət səviyyəsində və ayrı-ayrı fərdlərin səviyyəsində baş verir. Amma ortaq tarixə malik, ortaq mədəniyyətə və ədəbiyyata malik türk xalqları bir-birini demək olar ki, çox az tanıyır. Bu gün türk birliyindən çox danışılır, amma bir olmaq üçün ilkin olaraq xalqlar bir-birini yaxşı tanımalıdır. Hacı Bektaş Vəlinin yaxşı bir sözü var:” bir olalım, iri olalım, diri olalım. İri işlər görmək və diri qalmaq üçün türk birliyinin olması mühüm şərtdir. Bu gün türk xalqlarını yaxınlaşdıra biləcək təmas nöqtələri hansılardır? Ortaq tariximiz, ədəbiyyatımız, ortaq mərasimlər və bayramlar. Bu gün türk xalqlarına xalqın yox, yaşadıqları ərazinin tarixini öyrədirlər. Hun, Göytürk, Qaraxanlı, Səlcuq imperiyaları, onların ərazisində yaranan mədəniyyət bütün türklərə məxsusdur. Orxon- Yenisey-abidələri, Mahmud Kaşqarlı “Divanı”, “Qudatqu bilik” və bu kimi sənət əsərləri bütün türklərə məxsusdur. Biz Avropa ölkələrinin tarixini babalarımızın tarixindən yaxşı bilirik. Biz çağdaş Qərb yazıçılarını, alimlərini bizə çox yaxın olan Türkiyə yazıçı və alimlərindən daha yaxşı tanıyırıq. Heç digər türk ölkələrindən danışmağa dəyməz. Deyim ki, sovetlər türkləri bir- birinə indikindən daha çox tanıdırdı. Buna görə bu yöndə işlər intensivləşməlidir, internetin imkanlarından daha səmərəli istifadə olunmalıdır. Hüsab edirəm türk gəncliyi buraxılanların yerini tezliklə dolduracaq.

- Hazırda, Azərbaycanda Türkçülük məktəbi fundamental şəkildə öyrənilirmi?

- Azərbaycanda hələlik türkçülük daha çox şüarçılıq xarakteri daşıyır. Amma bu məktəbin təməlini qoyanlardan və sistemləşdirənlərdən biri, Əlibəy Hüseynzadə Azərbaycandandır. Onun qoyduğu sistem bu günkü bayrağımızda öz əksini tapıb:Türkləşmək, islamlaşmaq, avropalaşmaq. Bu türk xarakteri üçün düşünülmüş ideal bir sistemdir. Uzun illər Avrasiyada dominantlıq etmiş türklər həmişə Şərq və Qərb arasında bir körpü olub və onların xarakterində həm Şərq ruhaniyyatı, həm də Qərb praqmatizmi birləşib. Türk heç vaxt nə tam Avropalı, nə də tam Şərqli olmayacaq. Buna görə, Türkləşmək, islamlaşmaq, avropalaşmaq sistemi oturdulmalıdır Azərbaycanda. Türkçülük başqa millətləri söyməkdən ibarət deyil ki. Türkləşmək millətin unutduğu “mən”inə qayıdışdır. Millət başqalarını yamsılayanda yox, özü kimi olanda böyük olur. İstənilən dövlət quruluşu ərazisində yaşayan insanların xarakterinə uyğun qurulur. Qədim türk dövlətçilik ənənələrindən xəbərsiz millət nə “türkçülük” eləyəcək ki. Buna görə türk ənənələrinin öyrənilməsi və oturuşması üçün fundamental məktəblər yaradılmalıdır. Rəhmətlik Əbülfəz Elçibəy buna təşəbbüs göstərirdi, təəssüf ki, onun ölümündən sonra bu proses dayandı.

- Sizin bu günlərdə “Türküstan” qəzetində çıxan İtaliyanın əsasını qoyan etrusklarla bağlı maraqlı yazınıza rast gəldim. Məqalənizdə irəli sürdüyünüz faktlardan biri də onların türk əsilli olmasıdır. Bu, faktın əsasını sübut edən maddi-mənəvi dəlillər varmı? Məsələn, Şair-filosof Əlisa Nicatda etruskların türk olması faktı üzərində dayanır... - “Avropa alimlərini “sirli xalq” adlandırdığı etrusklar tarixdə dərin izlər qoymuşlar. Bu gün “böyük Roma mədəniyyəti” dediyimiz mədəniyyət Etrusk mədəniyyətinin üzərində durur. Elə işlətdiyimiz Latın əlifbası da Etrusk mirasıdır. Məndə bu mövzuya marağı millət vəkili Qənirə Paşayeva oyatdı. O ingilis alimi Hayd Klarkın “Roma tarixində Turan epoxası” əsərini ingiliscədən Azərbaycan türkcəsinə çevirib və məndən bu əsərə şərhlər yazmamı xahiş etdi. Mən də bu mövzunu dərindən öyrənməyə məcbur oldum və bu prosesdə maraqlı faktlarla rastlaşdım. Etruskların türk mənşəli olması mülahizəsini ilk dəfə XIX əsrdə alman alimi Vilhelm Brondenşteyn irəli sürüb. Sonra “avrosentrist” elm aləminin qarşısında geri çəkilib. Avropa düşüncəsi heç cür qəbul edə bilmir ki, onların fəxr etdiyi mədəniyyət köçəri türklər” tərəfindən yaradılıb. Tanınmış Türkiyə alimi və diplomatı Adilə Ayda uzun illər Etrusk mövzusunu araşdırdıqdan sonra “Etrusklar türkdür” adlı kitab nəşr etdirdi. İbrahim Kafesoğlu, Kazim Mirşan, Oljas Seleymenov, Latıpov, Şamil Minqazov və s. kimi alimlər də Etruskların türk mənşəli olmaları barədə tutarlı dəlillər ortaya qoydular. Əsas dəlil dil faktorudur, Etrusk dilində çoxlu sayda türk sözləri var. Etrusk inanc sistemi ilə qədim türk inanc sistemi arasında böyük yaxınlıq var. Biz Qənirə xanımla Etrusklar barədə hazıladığımız kitabda bu barədə bacardığımız qədər geniş məlumat verməyə çalışmışıq.

- Türk dünyasının bir parçası olan Güney Azərbaycanda gedən prosesləri izləyirsinizmi?

- Əlbəttə, Güney Azərbaycan bizim bir parçamızdır. Biz Azərbaycanı bütöv dərk edə bilmiriksə, türk bütövlüyünü neçə dərk edə bilərik. Hesab edirəm, Güney Azərbaycanın, tarixi, mədəniyyəti, ədəbiyyatı daha geniş təbliğ olunmalıdır. Türk bütövlüyündən öncə, adamların təfəkküründə Azərbaycan bütövlüyü yaradılmalıdır. İstər Günedə, istərsə də Qüzeydə, hamı bir millət olduğumuzu dərk edənən sonra biz ürəklə deyə bilərik ki, bax biz 50 milyonuq, biz böyük millətik.

- Fars şovinizm ideologiyasında tarix boyu türkə nifrət patologiyası özünü qabarıq şəkildə göstərib. Bunun əsas səbəblərinin arxasında hansı amillər dayanır?

- Hesab etmirəm ki, türklər və farslar arasında qədim ideoloji düşmənçilik olub. Yüz illər boyu farslar və türklər bir dövlət daxilində problemsiz yaşayıblar. Özü də hakimiyyətdə fars və ya türk mənşəlilərin olmasının heç bir fərqi olmayıb. Problem 1925-ci ildə, ingilislərin Pəhləviləri hakimiyyətə gətirməsindən sonra başlayıb. Atatürk Türkiyəsi yaranandan sonra, Qərb iki türk dövlətinin varlığı ilə barışa bilmədi və İranda anti-türk bir rejim qurdu. Bu rejim İrandakı türklərin farsmənşəli olması barədə ideoloji əsaslar yaratmağa çalışdı və müəyyən mənada türk milli düşüncəsini korşalda bildi. Amma sonda bu ideologiya iflasa uğramaq üzrədir. Çünki, bu təzə şey deyil. İranda süni iranlı milləti yaratmaq istəyirlər. Bir vaxt osmanlılar da Osmanlı milləti yaradırdılar, axırı nə oldu? Və yaxud Sovet millətinin. Azərbaycan türkləri əsrlər boyu İranın sahibi olub və yenə də olacaq. İranın türk-fars federasiyası olmaqdan başqa yolu yoxdur. 2500 illik dövlətçilik ənənəsi olan İranın məmurlarını elə də axmaq hesab etmək lazım deyil. Sadəcə, hələlik onlar ingilis-Pəhləvi oyununun əsiridirlər. Əks halda İranın parçalanması qaçılmaz ola bilər, məncə bu indiki zamanda heç də yaxşı variant deyil.

Söhbətləşdi: Elnur Eltürk

1 yorum:

  1. Çox əhəmiyyətli və aktual mövzudur. Mən bilmək istərdim ki, bizim Cənubdakı qardaşlarımız Şimalı Azərbaycan saytlarını oxuya bilirlərmi? Əgər bu belədirsə, onda bu yöndə çox maraqlı işlər görmək lazımdır. F.S.

    YanıtlaSil