23 Aralık 2009 Çarşamba

Babək Azəri hüquqçu, Milli Azadlıq Hərəkatımızda düşüncə tərzi əsasdır, yaş yox!

Doktor Ziya Sədr-ül-Əşrafinin Günaz Tv - dəki son çıxışı ilə bağlı bəzi mülahizələr

Biz diqqət etsək görərik ki, hər bir xalqın mədəni normalarında ümumi halda yaşlı adamlara xüsusi sayğı var. Alimlərin nəzərinə görə, yaşlı adamların həyat təcrübəsinin artıq olması səbəb olur toplumda məlumat baxımdan üstün sayılalar. Elə buna görə, ağsaqqallarla məşvərət etmə və onların məsləhətinə əhəmiyyət vermə yaxşı bir hal sayılır. Amma bildiyiniz kimi, hal - hazırda əlaqə texnikası çox tərəqqi tapıb və bir fərd az yaşda da çox məlumata malik ola bilir. Ümumi halda bir ziyalı üçün 3 əsas xüsusiyyət vacibdir:
1.Təxəssüs
Məlumatın çox olmağı tələb edir ki, insan bir müəyyən zəmində təxəssüs tapsın.
2.Qlobal səviyyədə iş birliyi.
Hal - hazırda Qərb ölkələrində müxtəlif mövzularla bağlı, xüsusən, iqtisadiyyat, siayasət və təlim - tərbiyə ilə əlaqədar müəyyən araşdırma mərkəzləri var. Və bu araşdırma mərkəzləri qlobal səviyyədə bir - birləri ilə əməkdaşlıq aparıb, müəyyən layihələri həyata keçirmək üçün müştərək fəaliyyət göstərirlər.
3.Bir neçə dil bilmə
Hal - hazırda üstə qeyd etdiyim kimi, iqtisadi, siayasi və elmi araşdırmalar qlobal səviyyədə həyata keçir, elə buna görə də, müasir mənada ziyalı olmaq tələb edir bir ziyalı bir neçə dili bilsin.
Amma yaşlı adamlarla bağlı bir insani cəhətdə var. Onlar yaşadığı toplumda ömrüboyu zəhmət çəkib və qocalıq səbəb olub cismi baxımdan zəifləsinlər. Bu bir gerçək haldı ki, hamını gözləyir. Elə buna görə, yaşlı adamların çəkdiyi zəhmətə dəyər verib və onların rahatlığına üstünlük verməliyik. Amma çox diqqətli olmalıyıq ki, bu insani cəhət səbəb olmaya ki, yaşlı adamların hər sözün onların yaşlı olduqları üçün mütləq həqiqət sayıb və ona əməl etməyi özümüzə əxlaqi borc bilək. Məsələyə bu cür yanaşmaq feodal baxışdır və öz yerində milli hərəkatımıza çoxlu ciddi zərbələr vura bilər. Məsələyə digər bir yöndən də yanaşmaq istəyirəm. Bizim cəmiyyətə böyüyə, yaşlıya, ağsaqqala hörmət, ehtiram atalar sözlərimizdə də özünə yer tapıb və elə atalarımızın sözü ilə bizi tərbiyə edib, beynimizə yeridiblər ki:"Böyük danışanda kiçik ağzına su alar!" Yəni, böyük danışan yerdə, kiçik susar. Bu, o baxımdan işlənir ki, böyüklər bütün həqiqətləri bilirlər və heç zaman onlar çaşmırlar. Belə olan bir halda balacaya da ehtiyac olmur ki, böyüyün sözünün qabağında söz desin və ya, o, danışandan sonra onun səhvini düzəltsin. Bu fikir bizdə özünə o qədər yer tapıb ki, böyüklər olan yerdə az qala düşünməyi özümüzə əziyyət bilmişik. Elə isə mən sual edirəm: Əgər böyüklər hər şeyi bilirsə, bəs onda niyə bu qədər səhvlərimiz olur? Bu sualımla heç də elə çıxmasın ki, cəmiyyətdə yaşlılara ehtiramın əksinə gedirəm. Mən heç zaman belə bir fikirdə olmamışam. Amma söhbət siyasətdən gedəndə və əsasən də Milli Hərəkatımızla bağlı olanda, gərək hər bir kəsimiz, böyüyümüz də, balacamız da düşünə və öz düşüncəsini ortalığa qoymaqdan çəkinməyə. Həm də sözümə əlavə edirəm ki, heç nəyə dini ehkam şəklində yanaşmaq olmaz. Bütün bu izahımdan sonra keçirəm sözümün canına. Əgər hörmətli ağsaqqalımız Ziya Sədr-ül-Əşrafi
Günaz Tv - də 2009 - cu il 17 dekabrdakı çıxışına diqqət etsəniz, görərsiniz ki, o, Amısterdamdakı Dialoq Konfransına belə münasibət bildirir: "Bu toplumdan bizim əsas məqsədimiz bir təşkilat yaratmaq və o, təşkilatın təmsilçisi kimi müxtəlif yerlərə müraciət etməkdir. Bu təşəkkül də İran azərbaycanlılarının təşəkkülüdür. Burda gərək hər bir xətdən ola, yəni fərqli fikirlər ola. İranın vəliyi - fəqih rejimini əsas düşmən sayır və onu aradan qaldırmaq üçün demokrat farslar, kürdlər və s. gərək birləşək. Necə ki, bu işi məşrutə inqilabında əl - ələ verib, istibdadı həmişəlik soxduq gora. " ( Onun fikrinin məzmununu yazdım, yaxşı olar siz özünüz də ona diqqətlə qulaq asasınız. )
Bu yerdə özümə borc bilirəm, hörmətli ağsaqqalımızın çıxışı ilə bağlı bəzi mülahizələrimi sizə çatdırım.
1. Bu çox yanlış bir fikirdir ki, biz təsəvvür edək, məşrutə inqilabında kürd və fars demokratları ilə birləşib, istibdadı həmişəlik gora tapşırmışıq. Tarix ona görə əhəmiyyətlidir ki, biz ondan dərs alıb və mübarizəmizdə ondan faydalanırıq. Elə bu səbəbə görə, çox əhəmiyyəti var tarixlə bağlı yanlış məlumat verməyək. Məşrutə inqilabının nəticəsi türk sülaləsinin İranda yıxılması və 80 ildən artıq irqçi farsların İrana hakim olmağı ilə nəticələndi. Mənə çox gülünc gəlir ki, nə əsasla hörmətli ağsaqqal deyir ki, biz fars və kürd demokratları ilə birləşdik, istibdadı həmişəlik gora tapşırdıq. Mənim fikrimcə, doktor Ziya Sədr-ül-Əşrafi
bu sözlərlə istəyir azərbaycanlıları qane edə ki, qeydi - şərtsiz İranda olan yaşıl hərəkatın quyruğu olalar. O, İranda 10 - cu dövr prezident seçkilərindən sonra İranda baş verən etiraz aksiyalarında azərbaycanlıların aktiv surətdə iştirak etmələrin tələb edirdi. Hətta iş o yerə yetmişdi ki, bu etiraz aksiyalarında iştirak etməyənləri təhqiredici formada Şaban bimox ( Şaban bimox -- yəni, ağılsız Şaban deməkdir, o pəhləvi rejiminin tərəfdarı olub və çoxlu cinayətlər törətmişdi) adlandırırdı.
Mən hörmətli ağsaqqalımıza deməliyəm, necə ki, məşrutə inqilabında istibdadın yerinə, türk hakimiyyəti gora getdi, əgər indi də milli mənfəətlərimizi tanımasaq, onun - bunun quyruğu olsaq, vəliyi - fəqih rejimin yerinə, Milli Azadlıq Hərəkatımızın məğlubiyyətinə səbəb olarıq. Bizim əsas problemimiz İranda irqçi fars dövlətçiliyidir. Bizə Rza Pəhləvi, Mirhüseyn Musəvi, Əhməhnejad, Haşimiyi Rəfsəncani və Əliyi Xameneinin elə ciddi fərqləri yoxdur, hamısı da hakimiyyətdə və ya müxalifətdə fars iqrçiliyin siyasi təmsilçiləri kimi tanınırlar.
2. Doktor Ziya təkid edir azərbaycanlıların toplumunda hər bir xəttə, yəni gərək fərqli fikirlərə yer verilə. Adama gülünc gələn budur ki, bu fikirdən sonra, o, özü konkret, müəyyən xətlər qoyur. Misal üçün, təkid edir ki, bu təşəkkul gərək İran Azərbaycanlılarının adın daşıya. Əlbəttə, burda xatırlamalıyam ki, Milli Azadlıq Hərəkatının fəalları "Güney Azərbaycan" kəlməsin işlətməklə onun bir geniş coğrafi ərazi olduğun və bu coğrafiyada Azərbaycan millətinin yaşadığın dünyaya göstərmək istəyirlər. Amma "İranda yaşayan azərbaycanlılar" kəlməsi istər - istəməz bizi kiçildir və bizi İranda olan ermənilər kimi balaca bir qrup şəklində təqdim edir.
3. Çox təəssüf, doktor Ziya Günaz Tv - dəki son çıxışında da kəlmə seçimində diqqətli olmamışıdr və bəzi yurddaşlarımızla bağlı təhqiredici ifadələr işlətmişdir. Onun fikrinə görə, bəzi yurddaşlarımız gəlib, hay - küy salıb, cələsəni yanlış istiqamətə yönəltməklə vaxtı tələf ediblər. Elə bu səbəbə görə, o, təkilf verir, azərbaycanlıların hər hansı qlobal səviyyədə tədbiri keçirliməmişdən əvvəl, bir heyət yarana və hamı yazılı şəkildə fikrini o heyətə göndərə. Mənim fikrimə görə, bu o mənadadır ki,doktor Ziya fikir edir, bu vasitə ilə çıxışlara nəzarət oluna, vaxtın tələf olması, hay - küy salma və yanlış cəhətə getməyin qabağı alına. Bunun mənası odur ki, deyilən sözlər əvvəlcədən filtirdən keçirilə. Əsas sual bundan ibarətdir, o heyəti kim təyin edəcək, o heyətə kim səlahiyyət verir ki, azərbaycanlılarla bağlı qəyyum rolun oynaya. Bu nə deməkdir? Bu bir növ İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə oxşayan orqanı Milli Azadlıq Hərəkatımızda yaratmaq deyil? Ən gülüncü budur ki, o, öz çıxışında toplumların demokrat olmaları üstündə də təkid edir. Bu poradoksal hal ancaq bizim Milli Hərəkatımıza zərər yetirər.
4. Doktor Ziya Sədr-ül-Əşrafi fars və kürdlərin demokratlarına və İran kəlməsinə nə qədər öz təmayülün göstərsə də, bir o qədər Şimali Azərbaycana antipatiyasın nişan verir. O, öz çıxışında Qarabağ problemin Güney Azərbaycan mövzusuna aid olmadığını söyləyir. Onun fikrinə görə, Güney Azərbaycanlılar Amısterdamda toplanıb Güney Azərbaycanla bağlı təşkilat yaratmaq istəyirlər. Elə buna görə, Qarabağ probleminin bu mövzu ilə əlaqəsi yoxdur. Əlbəttə, bildiyiniz kimi, Amısterdam toplantısında Qarabağla bağlı bəyənat verilib. Əgər diqqət eləsəniz, görərsiniz ki, əksəriyyətin rəyi ilə təsdiq olunmuş bəyənata doktor Ziyanın sayğısı yoxdur. Mən bu hörmətli ağsaqqalımıza xatırlatmalıyam, bu sizin şəxsi fikrinizdir. Mənim fikrimcə, Güney Azərbaycan təşkilatlarının ən əsas problemlərindən biri Qarabağ sayılır.
5.Mən üstə qeyd etdiyim kimi, hal - hazırda ziyalıların arasında qlobal səviyyədə iş birliyi keçir. Elə buna görə, bir ziyalının bir neçə dil bilməsi çox əhəmiyyət daşıyır. Bu faktı nəzərə alaraq, mən başa düşmürəm, doktor Ziya nə üçün bəzi kəlmələrə dəhşətli dərəcədə antipatiya göstərir. Misal üçün, o toplantıda qadınlarla bağlı işlənən "qadın" kəlməsinin dilə gətirilməməsini tapşırıb, bunu böyük xəta sayır. Onun yerinə "xanım" kəlməsini işlətməyi məsləhət bilir. Xatirlatmaq istəyirəm ki, bütün dillərdə olduğu kimi, bizim dilimizin də özünəməxsus incəliyi var. Dilimizə hörmət edən insanlar kimi borcluyuq sözlərin incəliyin öyrənib, onu öz yerində işlədək. Söhbət "qadın" kəlməsindən gedirsə, bilməliyik ki, "qadın" cinsiyyət bildirir, "xanım" sözü isə müraciət formasıdır. Necə ki, başqa dillərdə olan müraciət forması kimi, "miss","madam", "bəyan", "fru və s. Bundan əlavə, kiçik bir məsələni böyüdüb problemə çevirmək lazım deyil. Yazıda hər hansı bir kəlmə yerinə düşməzsə və ya fikir dolaşıqlığı yaradarsa, sözün mənası oxucuya çatmazsa, bu zaman yazının altında balaca bir izahat yetər ki, məsələyə aydınlıq gəlsin. Şifahi çıxışda isə "yəni" kəlməsi deyib, yarım cümlə ilə dinləyiciyə çatmayan sözün qarışığın səsləndirmək olar.
İstəkli yuddaşlar, Ziya Sədr-ül-Əşrafinin Günaz Tv - də 10 dəqiqəlik çıxışı ilə bağlı çoxlu yanlış məqamlar var. Mən onların hamısına toxunsam, bir kitablıq söhbət olar. Mənim fikrimcə, bir neçə yanlış məqama işarə yetər ki, onun Milli Azadlıq Hərəkatımızda harada olduğunu və bu hərəkatın təməlini nə dərəcədə dərk etdiyini müəyyən edək. Bizim Milli Azadlıq Hərəkatımızda əsas olan düşüncə tərzi və fərdi qabiliyyətlərdir, nəinki yaşın çoxluğu.
Unutmayaq ki, insan danışdığı sözdə və etdiyi əməldə öz boyun nişan verir. Kimi isə o boydan yüksəyə qaldırmaq, sonrakı hadisələrdə peşmançılığa səbəb ola bilər və bizi məcbur edər, onu yenidən öz yerinə yendirək. Bu iş bir növ ifrat - təfrit sayılır və bizim enerjimizi boş yerə hədərə verib, bununla da Milli Azadlıq Hərəkatımıza ciddi zərbələr vura bilər. Bunlardan əlavə, bu iş nə insani baxımdan, nə də məntiq üsullarına uyğundur. Hər bir yaşlı insana kimliyindən asılı olmayaraq, sayğımız olmalıdır və bu sayğını da qoruyub saxlamalıyıq. Eyni zamanda qarşımızdakı böyük də öz yerinə sayğı göstərməlidir.
Stokholm, 21 dekabr, 2009 - cu il.

Hiç yorum yok:

Yorum Gönder