Son zamanlar İranda hakim siyasi elitanın daxilində baş verən ziddiyətlər dini rejimin əsaslarını laxlatmış, bu günədək mövcud olan qadağaların ictimai təsir gücünü zəiflədərək cəmiyyətdə ehkam kimi qəbul edilən bir çox dəyərlərin lazımlılığını toplum da dartışılar hala gətirmişdir.İslam rejiminin hakim dəyərlərinin öz məşruiyyətini itirərək yalnız hakimiyyətin inzibati gücündən asılı vəziyyətə düşməsi hakimiyyətlə xalq arasında onsuz da gərgin olan münasibəti günbəgün artırmaqda və ictimai münasibətlərin ənənəvi üsullarla tənzimlənməsi imkanlarını məhdudlaşdırmaqda və cəmiyyətdə yeni gözləntilərə yol açmaqdadır.
İranda ənənəvi dəyərlərin öz məşruiyyətini itirməsi və demokratik sürəcin cəmiyyətin bütün təbəqələrindən dəstək alaraq toplumun hakim rejimə qarşı dirənc, müqavimət mübarizəsinə çevrilməsi özlüyündə demokratik və milli haqları gündəmə gətirməkdədir. Demokratik və milli haqlarla bağlı məsələlərin cəmiyyətdə böyük rəğbət görməsi İran hakimiyyətini ictimai etirazları hansısa qrupun, partiyanın xəyanəti və ya qiyamı kimi təqdim etməsinə mane olaraq onu öz xalqı ilə üz- üzə qoymuş və bu da zorakı üsullarla öz ömrünü uzatmağa çalışan hakim dairələrin işini getdikcə çətinləşdirməkdədir.
Təsadüfü deyil ki İrandakı seçki etirazlarını əvvəlcə ABŞ başda olmaqla xarici güclərin təhrik etdiyini bəyan edən Molla iqtidarı sonradan Ali dini rəhbər Xomeneyinin dili ilə baş verən kütləvi etiraz hərəkatlarında xarici dövlətlərin əli olmadığnı bəyan etməyə məcbur oldu.Belə bir zamanda İranda hakim dini rejimin basqıları qarşısında gündəmə gələn milli və demokratik haqlar uğrunda mübarizənin uğuru həm də İranda yaşayan qadınların bu prosesdə necə iştirak etməsindən asılıdır. İranda president seçkilərindən sonra keçrilmiş kütləvi etiraz hərəkatları nə qədər təəccüblü görünsədə qadınlar bu prosesdə fəal iştirak etməklə bütün gözlənilənlərin əksinə olaraq uzun illərin basqı və qadağalarına rəğmən çox böyük mübarizə və etiraz gücü oluşturduğunu ortaya qoydu. Bu olay oqədər şaşırtıcı oldu ki, etiraz nümayişlərinin foto və video görüntülərini seyr edən əcnəbilər qadınların kişilərlə bərabər küçə və meydanlara çıxmasını rejimin sarsılmasının əsas əlaməti kimi qəbul etdilər. Əslində bu cür fikirləşənlərə haqq verməmək də mümkün deyil. Çünki uzun illər ictimai həyatdan təcrid olunaraq qara örtüyə bürünmüş şəkildə həm ənənələrin, həm də dini rejimin basqısı altında tutulan qadınların birdən-birə cəmiyyətin fəal qüvvəsi kimi siyasi mübarizənin ön cərgəsində yer alması o deməkdir ki, qadınlar artıq onlara qoyulmuş qadağa və məhdudiyyətlərlə barışmaq istəmirlər və çox amansız olan molla rejiminin üzərinə yürümək qədər cəsarət və iradəyə sahibdirlər. Bu hakim dini rejimin gələcəyi baxımından çox böyük təhlükə daşıyır və ənənəvi sosial yapının parçalanaraq bərpa edilə bilməyəcək şəkildə pozulduğunu göstərir.
Güney Azərbaycan milli azadlıq hərəkatı və qadınlar
Bütün bu proseslər fonunda Güney Azərbaycanda gedən milli azadlığ mübarizəsində iştirak edən türk qadınlarının bu günədək İran hakimiyyətinin hər cür təzyiq və vəhşiliyi qarşısında göstərdiyi böyük iradə və əzm xüsusi önəm daşıyır.İranda qadınların ictimai proseslərə qatılması ,hətta çox böyük təhlükələr qarşısında siyasi mübarizədə də fəal iştirak etməsinin ən önəmli nümunələri və başlanğıcı Güney Azərbaycan milli Azadlığ hərəkatında iştirak edən qadınlarla bağlıdır. 10 illər boyu bu gün Tehranda ictimai etirazçılara qarşı əl atılan zorakılıqdan daha qəddar və vəhşi üsullarla Güney Azərbaycanda milli azadlıq mübarizəsində iştirak edən türklər acımazıscasına cəzalandırılmışlar.Fars milli zülmünə qarşı mübarizədə Güney Azərbaycanın mübariz qadınları da insanlığa sığmayan dəhşətli cəzaların qurbanı olmuşlar və kişilərlə bərabər həbsxanalardan, edamlardan keçmişlər. Bu gün İranın daxilində əvvəlki dönəmlərlə müqayisədə fərqli bir situassiyanın yaranması, dünyanın diqqətinin bu ölkədə baş verənlərə yönəlməsi, hakim Molla rejimi daxilində parçalanma və qarşıdurmaların yaranması, rejimin məşruiyyətinin itirilməsi, nüvə enerjisi ilə bağlı beynəlxalq təzyiqlərin artması və bu səbəbdən də hakim rejimin təcrid olunması, cəmiyyətdə demokratik tələblərin yüksəlməsi Güney Azərbaycan milli azadlıq hərəkatında qadınların iştirakı üçün yeni imkanlar açır. Bu yeni dövürdə Güneydəki qadınlarımızın qarşısında duran ən önəmli məsələ milli haqlar uğrunda mübarizədə iştirak etməklə yanaşı həm də qadın təşkilatlarının yaranmasına nail olmaqdır. Hazırkı dönəmdə qadın haqları ilə bağlı təşkilat və hərakatların yaranması qadınlar arasında milli azadlıq ideyalarının yayılması və demokratik marifləndirmə işlərinin görülməsi baxımından olduqca vacibdir.Bu cür qadın təşkilatlarının meydana çıxması ilk növbədə qadınların fəallığını artıraraq, molla rejiminin qadınlar üzərindəki ənənəvi basqı siyasətini tənəzzülə uğradaraq onun legitimliyini aşındırmağa yardım edə bilər. Digər bir tərəfdən qadınların milli məsələ ilə yanaşı həm də ayrıca olaraq cinsi ayrı seçkiliyə görə ictimai həyatdan sıxışdırılması və haqlarının məhdudlaşdırılmasına görə fəal narazı təbəqə oluşturduğu və bu səbəbdən də molla rejimi əleyihinə mübarizəyə cəlb olunma imkanlarının geniş olduğu unudulmamalıdır. Bu baxımdan qadın haqları ilə bağlı məsələlərin gündəmə gətirilməsi, qadınların məruz qaldığı cinsi ayrı seçkiliyə qarşı mübarizəyə çağrılması, toplumda ictimai fəallığı genişləndirərək ənənəvi dəyərlər sistemini və sosial qaydaları tənəzzülə uğrada bilər.
Qadınların gənc nəslin tərbiyəsində əsas rolu oynaması və ailə daxili münasibətlərə təsiri də nəzərə alındıqda, Güney Azərbaycan milli azadlıq hərəkatında qadınların iştirakının və ayrıca təşkilatlanmasının nə qədər böyük əhəmiyyət daşıdığını görmək olar.
Burada diqqətə alınası ən vacib məsələlərdəmn biri də beynəlxalq birliklər, ölkə xarici ilə Güney Azərbaycan milli Azadlıq hərəkatı arasında əlaqələrin qurulması məsələsidir. Hazırkı çağdaş dövrümüzdə bütün alanları əhatə edən kürəsəlləşmə sürəci hakimdir və böyük siyasi hədəflər qarşısına qoymuş düşüncə və hərəkatların kürəsəl şərtləri nəzərə alması və sürəcin sunduğu imkanlardan faydalanmağa çalışması vaz keçilməz bir zərurətə çevrilib. Bu baxımdan unutmaq olmaz ki bu günkü dünyamızda beynəlxalq aləmdə qadın haqları məsələsinə dünya ictimai rəyində xüsusi həssaslıq mövcuddur. Hətta dünyada bir çox feminist hərəkatlar, qadın hüquqlarını qoruyan insan hüquqlarını müdafiə təşkilatları dünya ictimai fikrinin formalaşdırılmasına və yönləndirilməsinə mühüm təsir göstərir.
Bu gerçəkliyi nəzərə alaraq Güney Azərbaycan milli azadlıq hərəkatının tələblərini dünya ictimai rəyinə çatdırmaq, dünyanın diqqətini Güney Azərbaycanda baş verən olaylara, Fars hakimiyyətinin milli zülmünə yönəltmək üçün qadın təşkilatlarının və hüquq müdafiə çilərinin formalaşdırılmasına böyük ehtiyac hiss olunmaqdadır. Bu cür qadın təşkilatları və hüquq müdafiəçiləri vasitəsi ilə beynəlxalq qadın təşkilatları və hüquq müdafiəçiləri ilə əlaqələrin qurulması və əməkdaşlığın həyata keçrilməsi, Güney Azərbaycan milli azadlıq hərəkatının dünya miqyasında daha fəal dəstək qazanmasına və Fars hakimiyyətinin vəhşiliklərinə qarşı müdafiə olunmaqda beynəlxalq dəstək alınmasına yardım edə bilər. Burada diqqəti cəlb edən ən önəmli məsəslələrdən biri də Güney Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan və fars rejiminin təzyiqlərindən uzaqda olan Azərbaycan türk qadınlarının da eyni düşüncə və hədəflərlə bağlı təşkilatlanaraq İran ərazisində görülməsi çətin olan fəaliyyətlərin həyata keçrilməsində fəal iştirak etməsidir. Xaricdəki Güneyli qadınlarla İran daxilində yaşayanlar arasında bu sahədə əməkdaşlığın qurulması və ən azı internetdə qadınların fəaliyyətini və haqlarının qorunmasını işıqlandıran saytların yaradılması, qadınlar arasında xəbərləşmə şəbəkəsinin qurulması qadınların milli azadlıq hərəkatında fəal və aydınlanmış bir qüvvə kimi iştirakına böyük təsir göstərə bilər.
Güney Azərbaycan qadın hərəkatatının inkişafında Şimali Azərbaycandan olan qadın təşkilatlarının təcrübəsindən faydalanılması mühüm rol oynaya bilər.
Hələ 1988-cu ildə Şimali Azərbaycanda Sovet imperiyasına qarşı milli azadlıq mübarizəsi başlayanda,o zaman istər xalq hərəkatının sıralarında, istərsə də hərakatın rəhbərliyində qadınlar fəal rol oynayırdılar. Sonralar xalq hərakatında iştirak etmiş qadınların öncüllüyündə Azərbaycanda 10-larla qadın təşkilatları meydana gəldi. Bu gün Azərbaycanda çox sayda qadın təşkilatları qadın haqlarını müdafiə etməklə və qadınların ictimai həyatda fəal iştirak etməsi istiqamətində fəal iş aparırlar.Bu qadın təşkilatları beynəlxalq səviyyədə də geniş əlaqələr quraraq, beynəlxalq donor təşkilatlarının dəstəyi ilə Azərbaycanda qadınlara dair çox istiqamətli layihələr həyata keçirirlər. Güney Azərbaycanda qadın fəalların Şimali Azərbaycan qadın təşkilatları ilə sıx əlaqələr quraraq, onların təcrübə və imkanlarından faydalanması, Fars hakimiyyətinin qadınlara qarşı işlətdiyi zorakılıqların dünya ictimaiyyətinə çatdırılmasında birgə çalışmaları yaxın gələcəkdə Güney Azərbaycan qadınlarının səslərinin beynəlxalq səviyyədə eşidilməsinə kömək edə bilər. Qüzey Azərbaycanda Güney Azərbaycanın problemləri, qadın haqlarının müdafiəsi ilə bağlı Bakıda dəfələrfə kecirilmiş yığıncaq, konferanslarda bu məsələ qaldırılsa da hələ ki bu istiqamətdə tutarlı bir iş görülməmişdir. Halbuki 90-cı illərin ortalarında Güney Azərbaycandan Bakıya daha cox axın vardı və gələnlərin icərisində önəmli yer tutan Güneydən olan qadınların burada ədəbi yığıncaq və toplantılarda iştirakı ayrı düşmüş millətimizin bir-birinə daha da yaxınlaşması, bütövlük və istiqlal düşüncəsinin düşüncələrdə daha möhkəm kök salmasına yardım edirdi. Bu hallar bir missiya kimi qarşıya qoyulmalı və ardıcıl olaraq da həyata kecirilməlidir. Unutmaq olmaz ki, bir mübarizənin uğurlu sonucu hər kəsin bu mübarizədə iştirakından asılıdır.
Hiç yorum yok:
Yorum Gönder