İRAN VİRAN OLSA...
Nəsib Nəsibli: “Azərbaycan türklüyü öz təhlükəsizliyi və bütövlüyünün təminatı istiqamətində çox böyük amil əldə edər”
Natiq Miri: “İran rejimini Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməmiş deyil”Tanınmış ruhani, İran hakimiyyətinə qarşı müxalifətdə olan Hüseyn Əli Müntəzirinin vəfatından sonra bu ölkədə yeni siyasi çaxnaşmalar baş qaldırıb. İran kəşfiyyatının rəhbəri Heydər Mösləhi isə bəyan edib ki, ABŞ İslam Respublikasında xaos yaratmaq üçün onlarla xarici təşkilatı səfərbər edib.Mösləhinin sözlərinə görə, ölkədəki son iğtişaşları da ABŞ kəşfiyyatı maliyyələşdirir: “Bizim apardığımız araşdırmalar nəticəsində İranda təxribat fəaliyyətləri ilə məşğul olan 80 xarici təşkilat aşkarlanıb, onlar ölkədə nümayişlərin təşkil olunmasında və polislə toqquşmaların təşkilində fəal rol oynayır. Bu təşkilatlar durmadan belə informasiya yayır ki, son prezident seçkiləri saxtalaşdırılıb. Məqsəd İranda xaos və vətəndaş itaətsizliyi yaratmaqdır. Əldə etdiyimiz məlumatlara görə, ABŞ həmin təşkilatlara 1.7 milyard dollar vəsait ayırıb”.Bir sıra ekspertlərə görə, ABŞ-ın İranda siyasi rejimin dəyişməsində maraqlı olduğu şübhəsizdir. Qərb İraq və Əfqanıstandan fərqli olaraq, İranı hərbi yolla ram etmək fikrində deyil. İrandakı sistemi daxildən siyasi yolla dəyişmək və ya parçalamaq xəttinin həyata keçiriləcəyi ehtimalı böyükdür.Azərbaycanın İranda sabiq səfiri, deputat Nəsib Nəsibli hesab edir ki, da siyasi quruluşun dağılması və İran parçalanması baş verərsə, bu, Azərbaycan türklüyü üçün böyük hadisə olar: “Azərbaycan türklüyü bundan öz təhlükəsizliyi və gələcəyinin, bütövlüyünün təmin olunması istiqamətində çox böyük amil əldə edər. Güney Azərbaycanın müstəqilləşməsi və Quzey Azərbaycanla bütövləşməsi problemi yoxdur. Problem bu işin konkret nə vaxt həyata keçməsidir. Gec-tez bu baş verəcək. Yuxarıda qeyd edilən məsələlərin reallaşması bu problemin qısa zamanda həllinə səbəb olar”.N.Nəsiblinin fikrincə, ABŞ-ın İranda antidemokratik sistemin dəyişilməsində maraqlı olmasında qeyri-adi nəsə yoxdur: “Ancaq bu qədər böyük vəsait ayrılması haqda deyilən fikrə inanmıram. 1,7 milyard dollar çox böyük məbləğdir. Həmin vəsaitin harasa ayrılmasını mütləq ABŞ Konqresi təsdiqləməlidir. 1,7 milyardı gizli şəkildə ayırmaq mümkün deyil. Mürtəce rejimlərin hamısı ölkələrinin daxilindəki problemləri, siyasi qarşıdurmaları adətən xarici dövlətlərin, beynəlxalq təşkilatların üstünə yıxırlar. Öz ölkələrinin zəifliklərini xarici amillə izah eləməyə meyllidirlər. İran hakimiyyəti də bu xətti tutur. İranı parçalayan bu ölkədə milli ayrı-seçkilik siyasəti yürüdən şovinist qüvvələrdir. Onlar mürtəce siyasətləri ilə əslində İranın bütövlüyü əleyhinə işləyirlər. Ona görə də başqalarını ittiham eləməyə haqları yoxdur”.Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, İranda yaranan qarışıqlıq prezident seçkilərində edilən saxtakarlığa yönəlik etiraz dalğasının davamı kimi dəyərləndirilməlidir. Bu, liberal dəyişikliklər istəyən cəmiyyətin böyük kəsiminin mövcud reyimə qarşı üsyanıdır: “Saxta prezident seçkilərinin ən əhəmiyyətli təsiri İran cəmiyyətində sosial-psixoloji yöndə ciddi dəyişikliklər və izlərin buraxılması oldu. Bundan sonra istənilən inzibati yollarla bu etirazların qarşısını almaq mümkün olmayacaq. Zaman-zaman etirazlarda yüksəliş, yaxud eniş müşahidə oluna bilər, ancaq bütövlükdə liberal dəyişikliklər istəyən cəmiyyəti susdurmaq mümkün olmayacaq. ABŞ-ın bu prosesi müxtəlif formalarda dəstəkləməsi mümkündür. Ancaq mövcud vəziyyətdə mühafizəkar hakimiyyətin ABŞ-ın İran rejimini devirmək üçün 1.7 milyard dollar vəsait ayırması iddiası əsaslı görünmür və daha çox daxili auditoriyanın "antiAmerika" əhval-ruhiyyəsinə hesablanıb".N.Mirinin sözlərinə görə, belə bir plan mövcud olsa belə, İran rejimini ən böyük etnos olan Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməməiş deyil. Bu baxımdan azərbaycanlıların gələcəkdə bu plandan yararlanması ehtimalının olduğunu söyləmək mümkündür: “Lakin hazırda Azərbaycan türklərinin səfərbər olunması ilə bağlı heç bir işartı belə mövcud deyil. Belə bir vəziyyət olsa belə, bu, türk etnosunun regionda güclənməsinə gətirərdi. Lakin hələ ki, ABŞ indiki rejimin mövcudluğu şəraitində təhlükəsiz və sözəbaxan bir İranın varlığında maraqlıdır. Çünki İrandakı rejim regionda Türkiyənin daha da güclənməsinin qarşısında duran balanslaşdırıcı güc rolunda çıxış edir. Bu da ABŞ-ın "Avroatlantik güc mərkəzinə alternativ koalisiyaların olmaması" strategiyasına uyğundur".
musavat.
Etibar SEYİDAĞA
Hiç yorum yok:
Yorum Gönder