"Ayətullah Xamneyi ilə Mirhüseyn Musəvi ikisi də Xamnə kəndindəndi və ikisi də Azərbaycan türküdür. Amma bunlar hər şeyi düşünür, təkcə türkü və Azərbaycanı düşünmürlər"
“Xamneyi prezident olanda Mirhüseyn Musəvi baş nazir idi. Və eyni zamanda həmin illərdə 1980-ci illərin başlanğıcında ikisi də əl-ələ verib 10 minlərlə insanı qırğına veriblər...”
Güneyli soydaşlarımızın istiqlal mücadiləsi tarixin bütün dövrlərində müşahidə edilib. Bu mücadilənin bəzən qalibiyyət, bəzən məğlubiyyətlə nəticələnməsinə baxmayaraq, onun Azərbaycan türkünün şüurunda dərin izlər buraxdığı şəksizdir. Amma təəssüfləndirici hallar var. Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə bizimlə müsahibəsində Avropa ölkələrində yaşayan soydaşlarımızın bəzən öz milli kimliklərindən uzaqlaşdıqlarını və Azərbaycanın bütövləşməsi ideyasını sanki unutduqlarını təəssüflə qeyd etdi. Eyni zamanda DAK-ın fəaliyyətinə də toxundu.
- DAK siyasi təşkilat deyil. Burada çeşidli fikirlərə malik şəxslər də var. Dünyanın dörd bir yanında fəaliyyət göstərirlər. İstər mədəni, istər ictimai fəaliyyət. Yeri gəldikcə Qarabağ məsələsini beynəlxalq ictimaiyyətdə qaldırmaq bizim əsas işlərimizdən biridir. Şəxsən mənim fikrimcə, Güney məsələsi türk dünyasının ən əsas məsələsidir. Zaman-zaman söylənilib ki, Azərbaycan türk dünyasının altun körpüsüdür. Burada körpünün ancaq bir tərəfindən söhbət getmir, Bütöv Azərbaycandan söhbət gedir. Doğrudur, Azərbaycanın quzeyində cümhuriyyət yaranıb, ancaq 35 milyondan artıq azərbaycanlı Güneydə, İran adlanan dövlətdə yaşayır. Və heç bir hüquqa da malik deyil. Hətta Tehran rejimi də iddia edə bilməz ki, Azərbaycanın güneyində insanlar ictimai-mədəni və siyasi hüquqlara malikdirlər. İran adlanan dövlətdə başqa xalqlar da hüquqlara malik deyillər. Əgər malik olsaydılar, Bəlucistanda rejim hər ayda, hər həftədə bəlucları tutub asır, bir ay əvvəl 12 nəfər bir gündə asıldı. Ötən həftə bir partlayış törətdilər, 60 nəfər həlak oldu və Tehran rejiminin yüksəkçinli generallarını da öldürdülər. Yaxud Xuzistanda - İran Ərəbistanında görürsünüz ki, silahlı mücadilə gedir. Amma kənardan Tehran rejimi özünü elə göstərir, guya hər şey qaydasındadır. Əgər qaydasındaydısa, baş prokuror çıxıb deməzdi ki, "təkcə Tehranda 600 min qız-qadın özünü satışa çıxarıb". Əgər özünü islam dininin mərkəzi elan etmiş bir ölkədə, bir şəhərdə 600 min insan özünü satışa qoyursa, bu, rejimin çürüklüyüdü. İranda 24 faiz işsizlikdi. Ac-yalavaclıqdır. Amma danışanda deyirlər, İranda aclıq yoxdu. Bu, televiziyalarda belə deyilir və ona söykənirlər ki, informasiya qıtlığı var, baş verənlərdən onsuz da heç kəs xəbər tutmayacaq. Son aylarda bilirsiniz ki, İranda prezident seçkiləri keçirildi və bununla da qovğalar başladı. Tehran rejiminin daxilində gedən çəkişmələr əlavə, Azərbaycana qarşı da davamlı siyasət aparılır. Güneydə 3 il bundan qabaq may hərəkatında həbs edilənlər və zaminə buraxılanların hələ də məhkəmələri gedir. Ərdəbildən, Urmiyədən, Təbrizdən soydaşlarımız hələ də zindanlardadır. Görürsən ki, hakimiyyət uğrunda dava aparıb biri-birini yeyənlər evlərinin xəlvət guşəsində Azərbaycan davasını da aparırlar. İşgəncə də davam edir, hüquqlar da pozulur. İranın daxildəki və xaricdəki müxalifət qüvvələri də indi birləşməyə başlayıb. Bu günlərdə Kölndə bir toplantı keçirilib. O toplantıdakı çıxışlara baxanda görürsən ki, xarici ölkələrdə yaşayan müxalifət nümayəndələri daxildəki müxalifət qüvvələri ilə birgə hərəkət edirlər. Bunun mahiyyəti, baxanda, bütün səyləri ona yönəlib ki, İran adlanan dövlətin bütövlüyü qorunsun. Yəni əstəğfürullah, bu, sanki Quran ayəsidir, İran bölünə bilməz. O boyda Yuqoslaviya bölündü, nə oldu?! O insanlar, o xalqlar bədbəxt oldular? Yox, hamısı bu gün xoşbəxt yaşayır. İllik gəliri 300-400 dollar olanların indi illik gəliri 15-20 min dollardı. Azad yaşayırlar və dünyaya inteqrasiya olunublar. Amma istər daxildəkilər, istərsə də xaricdəkilər hər nəyin bahasına olursa-olsun İranın bütövlüyünü saxlamağa çalışır. Bu, bir xülyadır, uşaqlıqda onlara belə deyiblər, belə öyrədiblər, başlarında belə qalıb ki, xalqlar əzilsələr də qoy əzilsinlər, insanların hüquqları pozulsun, ancaq hamısı İrana bağlı olsun, İran da hər hansı adla - ya islam, ya şahlıq adıyla. Nə olur-olsun, İranın bütövlüyünü saxlasınlar. Son 90 ilin içində, istər Pəhləvi sülaləsindən olan iki padşah, istər Xomeyni, istərsə də ondan sonrakı Xamneyi rejimi bütün xalqları hər zaman basqı altında saxlayıblar və başını qaldıranı məhv ediblər. Dilini kəsiblər, kitablarını əllərindən alıblar, bütün hüquqlarını da əllərindən alıblar. İran adlanan yerdə olan məşrutə hərəkatı sayəsindəki Konstitusiyada hüquqlar var idi, həm Pəhləvi sülaləsi onu tam pozdu, həm də hazırkı rejim onu ümmət halına gətirdi. Yəni bir nəfər oturacaq başda, o hər nə desə, odur. Deməli, dünyanın bugünkü günündə baş molla nə deyirsə, o cür də olmalıdır. Ayətullah Xamneyi ilə Mirhüseyn Musəvi ikisi də Xamnə kəndindəndi və ikisi də Azərbaycan türküdür. Amma bunlar hər şeyi düşünür, təkcə türkü və Azərbaycanı düşünmürlər. Gör nə qədər bunlar özlərindən və mənliklərindən uzaqlaşıblar?! Stalinlə bunların nə fərqi var?...
Hiç yorum yok:
Yorum Gönder