Bu siyasətin nəticəsidir ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin milli kimliyi inkar edilir, hüqüqları pozulur, millətimizin iradəsi ilə hesablaşmadan torpaqları parçalanmaya məruz qalır. Azərbaycanın milli mücadilə tarixində özünəməxsus yeri olan 22 may 2006-cı il hadisələri və ondan sonrakı mərhələlərdə kütləvi etirazlarda səslənən şüarlar və irəli sürülən tələblər millətin milli və siyasi iradəsini ortaya qoydu, onun hüquqlarını rəsmi olaraq gündəmə gətirdi və Güney Azərbaycan milli hərəkatının gerçək mahiyyətindən qaynaqlanan milli mübarizəni kütləviləşdirdi. Bu gün daxildə və xaricdə milli ruhlu tədbirlərin keçirilməsi ilə müşahidə olunan kütləviləşmə prosesi və milli təşkilatların bu istiqamətdəki aktiv fəaliyyətləri Azərbaycan milli hərəkatının uğurlu inkişafının göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli hərəkatının uğurlu inkişaf mərhələsinə yüksəlişi milli, tarixi, siyasi və mədəni dəyərlər üzərində qurulmuş bir prosesdir. Bu proses gerçək tarix, milli kimlik, milli-siyasi və milli–mədəni dəyərlərə əsaslandığından, mahiyyət etibarilə azərbaycan mehvərli milli məfkurəni formalaşdırıb.
Indiki aşamada Güney Azərbaycan türkü milli, siyasi və mədəni haqlarını əldə etmək uğrunda daha mütəşəkkil fəaliyyət göstərməli, qurtuluş mərhələsinə keçidini sürətləndirməlidir. İrqi ayrıseçkiliyə son qoymağın və milli azadlığa nail olmağın yeganə yolu milli qüvvələrin birgə fəaliyyətindən keçir ki, bu da öz növbəsində basqıları durdurmaq, diktaturanın təməlini dağıtmaq, milli, mədəni, siyasi, iqtisadi hüquqların bərpası və s. problemlərin həlli deməkdir. Bu səbəbdəndir ki, daxildə və xaricdə təşkilatlararası iş birliyinin zəruriliyi bütün milli qüvvələrin gündəmində olmalıdır. Bütün bunlar milli hərəkat daxilində daha sistemli fəaliyyətə imkan verir və milli təşkilatlar özlərinin fəaliyyət proqramlarında bu gerçəklikləri görməli, təşkilati fəaliyyətlərində milli hərəkatın güclənməsinə yönəlik şəffaf mövqelərini sərgiləməlidirlər. Bu gercəklikləri görməyən, şəffaf mövqe sərgiləməyən, milli məfkurənin təməl prinsiplərinə əsaslanmayan qüvvələr isə özlərini təcrid vəziyyətə salmış olurlar.
Doğru tutumlar üzərində aparılan mübarizə milli hərəkatın bütün qüvvələrinin təşkilatlanma prosesinə qatılmasına, hərəkatın daha da sistemləşməsi və beynəlxalq aləmdə söz sahibinə çevrilməsinə xidmət etmiş olacaq. Əgər Vətənimiz Azərbaycanı işğaldan azad etmək istəyiriksə o, zaman strateji düşünmə bacarığımızı inkişaf etdirməliyik.
Qəbul etmək lazımdır ki, siyasətdə təşkilatlar arasında anlaşılmamazlıq qaçılmazdır. Ancaq kompromisə yol açan danışıqlar, dialoqlar , barışçı metodlardan istifadə bu yanlış anlaşılmazlıqları həll etməklə yanaşı, həm də daha geniş alanda fəaliyyət üsullarının meydana çıxmasını mümkün edir. Nəzərə alsaq ki, təşkilatlarımızın və milli fəallarımızın əksəriyyəti molla rejiminin psixoloji, ictimai, iqtisadi, siyasi, həmçinin milli zəmində zorakılığına qarşı mübarizə aparır və Güney Azərbaycanın qurtuluşuna çalışırlar, deməli kompromis metodlardan istifadə edərək təşkilatlararası yanlış anlaşılmazlıqlara son qoya və milli hərəkatın ümumi məqsədlərini düzgün dəyərləndirməklə, daha sistemli plan əsasında birgə iş birliyinin aparılmasına nail ola bilərik. Əgər Güney Azərbaycanın milli fəalları və təşkilatları kiçik məsələlər ətrafında qeyri-sağlam rəqabət təşəbbüslərindən vaz keçərək, qarşılıqlı hörmət əsasında hərəkət etsələr, o zaman milli hərəkat daha böyük məqsədlərə varmış olacaq. Bu məqsədlə bütün milli təşkilat və qüvvələr potensial imkanlarını maksimum səfərbər etməli, müxtəlif komissiyalar adı altında fəaliyyət programları hazırlanmalı və bu komissiyalar tərəfindən həyata keçirilməsi vacib olan vəzifələr müəyyən edilməli, strateji plan əsasında fəaliyyət göstərməlidirlər. Təbii ki, burada tarixçilərin, psixoloqların, sosioloqların, ictimai və siyasi nəzəriyyəçilərin, politoloqların, strateqlərin və başqa milli quvvələrin xidmətlərinə böyük ehtiyac var. Hər bir azərbaycan türkü Güney Azərbaycan milli azadlıq hərəkatında yeni mərhələnin başladılması üçün birgə fəaliyyət təşəbbüsünə dəstək verməli, Azərbaycan milli hərəkatının uzunmüddətli strateji fəaliyyət planının gerçəkləşməsinə milli məsuliyyətlə yanaşmalıdır. Ümid edirik ki, 21 azər (12 dekabr) - Milli hökümətimizin 64-cü ildönümü günündə Hollandiyanın Amsterdam şəhərində keçiriləcək dialoq toplantısı milli mənafelərimizdən irəli gələn məsələlərin müzakirə olunması və onların həlli yollarının tapılması istiqamətində uğurlu bir başlanğıc olacaq, milli qüvvələr arasında birgə fəaliyyətin aparılmasına zəmin hazırlanacaq.
Güney Azərbaycan İstiqlal Partiyasının
Avropa üzrə sorumlusu Sadiq İsabəyli
Hiç yorum yok:
Yorum Gönder