22 Ağustos 2009 Cumartesi

Eluca Ateli, Biz inqilab etməkdə ad-san çıxarmış TÜRKLƏRIK!

«Xalq heç zaman zülmə, əsarətə, haqqının tapdanmasına axıra qədər dözmür»
«Orda Nemət yox, xoruz da banlasaydı, xalq meydana gedəcəkdi»

Müsahibimiz Isveçdə yaşayan yazar və Iran tarixinin araşdırıcısı Eluca Atalıdır.
- Iran bu gün ayağa qalxıb. Musəvinin hakimiyyətə gəlməsini tələb edir. 30 il öncə isə üsyankarlar Rza Şah Pəhləvini devirmək üçün ayağa qalxdı. Bu, Iran tarixində sayca neçənci üsyandır və qazanan kimdir, itirən kim?

- Iran tarixində oyanmalar və xalqın ayağa qalxıb sözünü deməsi çox olub. Birmənalı şəkildə deməliyik ki, bütün bu üsyanların başında Azərbaycan türkləri durub. Biz burda qeyri-türklərin rolunu azaldıb, əskiltmirik, əksinə, hər kəsin əməyini qiymətləndiririk. Amma türklərin bu işdə birinciliyini, eyni zamanda hadisələrin önündə getməsini qeyd edib, dəyərləndirməməyi qəbahət sayıram. Azərbaycanlıların öndə getməsinin birinci və əsas səbəbi Iranda yaşayan başqa millətlərdən sayca çox olmalarıdırsa, digər tərəfdən artıq bizim bu yolda böyük məktəbimizin varlığıdır. Qayıdaq sizin suala, bu gün Iranda olan ayağa qalxmanı təbii sayıram, bu, olmalıydı. Olmasaydı, təəccüblü olardı. Xalq heç zaman zülmə, əsarətə, haqqının tapdanmasına axıra qədər dözmür. Istər azərbaycanlı, istərsə də qeyri xalqların tarixindən çıxış etsək, bunun nə dərəcədə doğru olduğunu görərik. Öz mənliyinin, haqqının tapdanmasına dözməyənlər, zaman-zaman öz sözünü deyib, amma təəssüf ki, böyük nəticə əldə etməyiblər. Elə götürək, 1979-cu il Iran Islam Inqilabını. Birinci qalxan Təbriz oldu, ən çox qurbanı da Təbriz verdi. Amma qazanan farslar oldu. Elə bütün Iran inqilablarında qazanan farslar olur, baxmayaraq ki, inqilabı türklər başlayır, türklər başçılıq edir, son nəticədə yadlar istəyinə çatır. Əslində istər 1979-cu il inqilabında, istərsə də bugünkü hadisələrdə xalqın tələbi şəxsləri devirmək deyil. Təəssüf ki, belə görünsə də! Illərlə yığılmış hiddətini indi püskürən xalq, rejimin dəyişməsini istəyir. Bunu dəyişə biləcəyini, öz istəyinə çatacağını ayrı-ayrı şəxslərin simasında “görür”. Bu nə qədər doğrudu və ya səhvdir, bu məsələnin üzərində dayanmalıyıq.Yeri gəlmişkən başqa bir məsələni də qeyd etmək istəyirəm. Çox deyirlər ki, bu gün Iranda yaranmış hadisənin səbəbkarı və onu gərginləşdirən xarici qüvvələrdir. Əslində bu, kökündən səhv düşüncədir. Bildiyiniz kimi, Iran əhalisinin yüksək faizini gənclər təşkil edir. Gənclik isə həmişə istəyir müasir dünya ilə ayaqlaşsın. Iran rejimi gəncliyi çadraya bürüyür, VII əsrdə olduğu kimi. Başqa bir tərəfdən internetdən istifadənin qarşısını almaq üçün sədlər qoyub, əksər saytları blok ediblər və s. Dünyaya çıxışı olmayan üsyankar gəncliyin də hiddəti bura əlavə olunub.

- Xaricdə yaşayan iranlılar deyir ki Musəvi ETTELAAT-ı yaratmış şəxsdir. Sizcə, onun gəlişi Irandakı azadlıqsevər insanlara nə verəcək?
- Bəli, ETTELAAT adlı qurumu Mirhüseyn Musəvinin yaratması qaçılmaz faktdır. Konkret olaraq sizin, yəni M.Musəvinin Iranda hakimiyyətə gəlişi azadlıqsevərlərə nə verəcək sualınızı cavablandırsaq, qısa şəkildə bunu deyə bilərəm ki, onun gəlişi ilə heç də hər şey dəyişməyəcək. Yəni hər şey hamının istədiyi kimi olmayacaq. Demirəm, azadlıqsevərlər birbaşa zindana atılacaq və ya başqa qadağalar olacaq ki, bugünkü hakimiyyətin etdikləri kimi və ya ondan bir qədər yaxşı. Məsələ ondadır ki, Musəvinin həyata keçirmək istədiyi o qədər də böyük ideyalar deyil. O da başqa namizədlər kimi Iran ana yasasına sadiq qalacaq bir şəxsdir. Çünki xalqın istəkləri əsasında və onun tələblərini ödəyəcək idarəçilik üsulunu o, Iranda qura bilməz. Bir də bizim AZƏRBAYCAN DƏRDIMIZ hakimiyyət məsələsinin həll olunması ilə yoluna qoyulası, sağalası dərd deyil. Bu, Iran rejiminin kökündən dəyişməsini tələb edən bir hadisədir. Bir ömür molla qazanında bişib həll olunmuş adam, milli təfəkkürlə bağlı problemləri həll edə bilməz.

- Səttarxan qiyamı ilə bugünkü üsyanın oxşarlıqlarını nədə görürsüz?
- Hər ikisi hiddətin püskürməsidir, söhbətimizin əvvəlində bunu qeyd etdim. Biz Səttarxandan danışırıq, amma Səttarxan inqilabına qədər olmuş və deyərdim ki, bu inqilabı müəyyən qədər hazırlamış Zeynəb Paşa üsyanını qəti yada salmırıq. Hansı ki, bu gün onu fars öz adına çıxıb. XIX əsrin sonunda Iran hakimiyyəti Irandakı tütün istehsalının bütün ixtiyarını yadellı ingilislərə verən bir müqavilə bağlamışdı. O zaman ki, əhalinin 25 faizinin dolanacağı, çörəyi tütünün satışından gəlirdi. Iran şahının bu hərəkəti xalqı qəzəbləndirmişdi, hər yerdə narazılıq baş alıb gedirdi. Etirazını bildirənləri dar ağacından asıb, edam edirdilər, ən yaxşı halda zindana salır və ya sürgün edirdilər. Xalqı susdurmaq üçün onu çörəklə imtahana çəkən hakimiyyət ərzaq anbarlarını bağlayıb, süni qıtlıq yaradırdı. Sözsüz ki, Güney Azərbaycanda olan bütün inqilablarda olduğu kimi, bu dəfə də Təbriz öndə gedirdi. Üsyan Təbrizdən başlanmışdı. Təbrizin Əmir bazarındakı dükanlar bağlanmışdı. Bundan xəbər tutan məmurlar bazara hücum edir, xalqa divan tutub onlardan bir neçəsini vurub öldürür və yaralayır. Bu zaman hadisədən xəbər tutan Zeynəb adlı Təbrizli qadın ətrafında 20-30 qız-gəlinlə birgə bazar qabağında görünür. Başının üst yaylığını açıb belinə bağlayan Zeynəb, alnındakı ləçəyi də açıb kişilərin ayağının altına atır və onları təhrik edir ki, yollarından dönməsinlər. Ondan sonra onunla gələn qadınlar da onun hərəkətini təkrarlayırlar. Silahsız xalqla məmurlar arasında toqquşma baş verir. Hər iki tərəfdən ölən və yaralanan olur. Artıq bu qiyam üsyan şəklini alıb bütün Iranı bürüyür. Zeynəb haqqında o dövrün xarici mətbuatı yazmağa başlayır, onu axtarır, ölümlə hədələyirlər. Bundan sonra xalq qəhrəmanına çevrilən Zeynəbə müxtəlif ləqəblər verilir ki, onlardan biri də “Paşa” ləqəbidir. Bu gün Zeynəb Paşa adı ilə tanınan üsyan belə başlayıb. Təəssüf ki, Güney Azərbaycan tarixində çox şey farsların adına çıxıldığı kimi, bu üsyanın da baş qəhrəmanını fars kimi qələmə verən mənbələr var. Qeyd etdiyim kimi, Səttarxan inqilabını hazırlayan bir hadisə idi bu. Məhz Zeynəb Paşa üsyanından sonra qorxuya düşən şah Ingiltərə ilə bağladığı tütün müqaviləsini pozmalı olur. Siz Səttarxan inqilabı ilə bugünkü hadisələr arasında nə qədər yaxınlıq olduğunu bilmək istəyirsiniz, paralellər arayırsınız. Elə isə çox da uzağa getmədən, 3 il bundan qabaqkı Güney Azərbaycanda baş verən 22 may hadisələrini yada salaq. Xalq ayağa qalxdı, sözünü dedi, tələblərini irəli sürdü. Onun hansı yerinə yetdi? Əksinə, xalqı yenə də dar ağacından asdılar, kəsdilər, zindanda hər cür işgəncəyə məruz qoydular. Məhz o zaman tam əmin olmaq olurdu ki, bu xalq susmayacaq, gec-tez bir də ayağa qalxıb, öz haqqını tələb edəcək. Ən adi insani tələbdən danışaq. 40 milyonluq bir xalqın ana dilində məktəbi yoxdur. Bu 40 milyon ümumilikdə Iran əhalisinin yarıdan çoxunu təşkil edir. Belə olan halda kim deyə bilər ki, xalq tələbinə çatana qədər sakit oturacaq?....
Yazinin devamı : http://azadliq.az/?p=14792



Hiç yorum yok:

Yorum Gönder