19 Ağustos 2009 Çarşamba

HARAY-ın qonağı Əjdər Tağızadə deyir ki, teokratik rejim heç kimə rəhm etmir

Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə “Amerikanın səsi” radiosuna müsahibəsində İranda son siyasi durum, insan haqları və insanların həbsxanalarda zorlanması ilə bağlı problemlərə toxunub. Cənab Tağızadə İranda anadan olub. 1981-1983-cü illərdə siyasi məhbus olub. Evin və Ərdəbil zindanında məhbus həyatı keçirib. 1983-cü ilin payızında gizli yolla İrandan qaçıb. Hazırda İsveçdə yaşayır, Avropa Birliyinin vətəndaşıdır.

Sual: “Amerikanın səsi” radiosunun “Haray” proqramı barədə ilk təəssüratlarınız necədir? Dünya Azərbaycanlıları Konqresi (DAK) bu proqramı necə qarşılayıb?

Cavab: Biz bu proqramın açılması münasibəti ilə bütün azərbaycanlıları təbrik edirik. Dünya Azərbaycanlıları Konqresinin fəalı və Güney Azərbaycandan olan bir türk kimi çox sevindim. Bu proqram vasitəsi ilə dünyada yaşayan bütün azərbaycanlılar arasında əlaqələr genişlənəcək. İranda baş verən son hadisələrdən sonra bu ölkədə yaşayan bütün xalqlar, xüsusilə azərbaycanlılar Amerika radio və televiziyalarını diqqətlə izləyir. Ona görə də bu proqramın açılması və özəlliklə millətimizə çox tanış ifadə olan “Haray” adlandırılması hamını sevindirib. İstər İranda - Güney Azərbaycanda, istər Azərbaycan Respublikasında - Quzey Azərbaycanda, istərsə də xarici ölkələrdə yaşayan azərbaycanlılar bu proqramı həvəslə dinləyir.


Sual: Proqramın daha da maraqlı olması üçün təklifləriniz varmı?

Cavab: İnsanların marağı onların həyatı ilə bağlı mədəni, sosial, iqtisadi və siyasi xəbərlərin həqiqətə uyğun şəkildə dünyaya çatdırılmasıdır. İranda media azadlığı yoxdur, senzura var. Bu səbəbdən də insanlar öz həyatları ilə bağlı həqiqi məlumatları sevinclə qarşılayır.


Sual: İrandakı mövcud siyasi durumu necə qiymətləndirirsiniz? Dünya Azərbaycanlıları Konqresi İrandakı siyasi durumla bağlı necə fikirləşir?

Cavab: DAK çalışır ki, Cənubi Azərbaycandakı azərbaycanlıların mövcud durumu barədə məlumatları dünya ölkələrinin parlamentlərinə çatdırsın. Ötən il DAK fəalları ABŞ Dövlət Departamentində, Konqresdə və BMT-nin qərargahında tədbirlər keçirib. Tədbirlər zamanı İranda yaşayan 35 milyondan çox azərbaycanlının mövcud durumu ilə bağlı məlumat verdik, onların bütün hüquqlarının tapdandığını diqqətə çatdırdıq. Azərbaycanlılar da Balkanlarda savaşdan sonra insanların demokratik durumda yaşadığı kimi, bir rejimdə yaşamaq istəyir.


Sual: İranda insan haqlarının ağır olması barədə beynəlxalq təşkilatlar çoxsaylı bəyanatlarla çıxış edib. Bu günlərdə Nobel mükafatı laureatı Şirin İbadi İranda insanlara həbsxanalarda ölənəcən işgəncə verildiyini bildirib. Prezidentliyə namizəd olmuş Mehdi Kərrubi isə həbsxanalarda insanların zorlanması barədə bəyanatla çıxış edib. DAK İranda insan haqlarının mövcud durumunu necə qiymətləndirir?

Cavab: “Amerikanın səsi” radiosunda “Haray” proqramının açılması və bu radioda Güney Azərbaycan məsələsinə, İran adlanan yerdə baş verənlərə yaxından yanaşması buradakı problemləri açıb xalqa göstərəcək. Bizim də bu radio vasitəsi ilə dünya ictimaiyyətinə çatdıracağımız çox məsələlər var. Ağayi Kərrubi və ağayi Mir Hüseyn Musəvi məgər bilmirdi - 1368-ci ildən, yəni ötən əsrin 80-ci illərindən zindanlarda, yəni Evin zindanında, baş prokuror və rəis Əsədulla Lacvərdinin başçılığı ilə bütün azyaşlı qızları və oğlanları zorlayırdılar? Sonra isə onlara, ingilis, Amerika və ya Rusiya casusu olduqlarını etiraf etdirirdilər. Zindanlarda bir çox insanlar işgəncələri, - şallaqlanmanı, toka verilməni özlərinə şərəf bilir və hökumətin tələb etdiklərini etiraf etmirdilər. Ancaq 30 ildə bir məsələ var idi ki, onun haqqında qadın və kişilər susurdu. Çünki, heç kim üçün öz zorlanması barədə xəbər vermək şərəf deyildi. Amma, bununla yanaşı adamlar var ki, gözlərinin qarşısında xanımlarının zorlanmasını etiraf edib. Ağayi Kərrubinin indi dili açılıb, 60 - 80-ci illərdə, mən onu, Evin zindanında görmüşəm. Elə, o zamanlar da Evin zindanında zorlama halları var idi. Amma insanlar susub, çünki mentalitet və məsələni gündəliyə gətirməkdən utanıblar. Son həftə ərzində İran adlanan yerin parlamentində də bu məsələ gündəliyə çıxdı və ağayi Kərrubini qınadılar. Amma ağayi Məcidi Ənsari (parlamentdə insan haqları və siyasi patiyalarla bağlı komitənin sədri olub) və Xomeyninin yaxın adamı, indi deyir ki, ağayi ayətulla Xomneyiyə də, ağayi Haşimi Rəfsancaniyə də bu raportlar açıqcasına göndərilib. Parlament çalışdı ki, məsələni ört-basdır etsin. Amma bu gün yüzlərlə adamın ağayi Kərrubinin qəzetinə zəng edərək zorlandığını etiraf etdiyi bildirilir. Yadınızdadırsa, Kanadadan olan jurnalisti İranda həbsxanada zorlayıb öldürdülər. Sonra, Həmədandan olan Zəhra Yaqubi həkim idi, onu tutub zorlayıb öldürdülər. İndiyədək onun ata-anasının etirazlarına kimsə baxmır. Bu xanımı adaxlısının əlindən zorla alıb aparıb zorlayıb öldürüblər. Faktlar bir-iki deyil, minlərlədir. Yəni həbsxanalarda şallaqlama, insanları asma, dərisini yandırma sadə işlərdir. Hətta həbsdə olan insanların övladlarını, həyat yoldaşlarını gətirib gözlərinin qarşısında təcavüz ediblər.


Sual: İran insan haqları ilə bağlı beynəlxalq sənədlərə qoşulub. Minlərlə belə insan varsa, onlar hüquqlarının müdafiəsi üçün beynəlxalq məhkəməyə niyə müraciət etmir? DAK bu insanların hüquqlarının müdafiəsinə qalxmaq fikrindədirmi?

Cavab: Biz problemin qaldırılmasına çalışırıq. Amma İranda bütün telefonlar izlənir. Orada hər hansı insana zəng etmək, onlar üçün problem yaradır. DAK bu məlumatları gizli yollarla əldə edib dünya ictimaiyyətinə çatdırır. İrandakı teokratik rejim heç kimə rəhm etmir. Mir Hüseyn Musəvi bildirib ki, zorlanma məsələsi prezident seçkilərindən də dərin məsələdir və ölkədə ciddi dəyişikliklər olmalıdır. Bununla bağlı, Azərbaycan türkləri və digər xalqlar hələ sözünü deməyib. Yəqin ki, bu toplumlar da sözünü deyəcək. Hazırda ölkə xaos içindədir. Tanınmış ayətullalar Bəyati Zəncani, Dəstqeyb açıqcasına fəqih üsul-idarəsinin üzərinə gedir. Yəni bu üsul-idarə təkbaşına hökm edə bilməz. Ona görə də ayətulla Xamneyinin gələcəyi sual altındadır.

....

Hiç yorum yok:

Yorum Gönder