Komplo teoriləri (“nəzəriyyeye-toutee”) (təxribat, qəsd nəzəriyyələri – M.M.) elmi və akademik fəaliyyətlərdə çox məqbul sayılmasa da, sıravi insanların ətraflarında baş verəni təhlil etmək üçün ən çox istifadə etdikləri bir analiz çərçivəsidir. Komplo teoriləri ağlın qətlgahı olsa da, hər siyasi təhlilçinin kifində (çantasında) olması gərəkən analiz üsullarından biridir. Çünki ətrafımızda baş verən bir çox siyasi, sosial, iqtisadi və hərbi hadisələrin arxasında gizli bir iradənin də olması ehtimal olunandır. Gizli iradəni kəşf etmək və anlamaq bəzən həyati dərəcədə önəmli olur.
İranda son prezident seçkiləri ərəfəsində və sonrasında milli hərəkat üzərinə təzyiqlər artmışdır. Azərbaycan xalqına və milli hərəkata yönəlik təhqir, təxribat, psixoloji müharibə və şantaj çoxalmışdır. Fars milliyyətçiləri Azərbaycan milli hərəkatını “Əhmədinejadın müttəfiqi” olaraq göstərirkən, bəzi insanlar da Azərbaycan milli hərəkatının söyləm və şüarlarını radikal olaraq qiymətləndirməkdədirlər. Bütün bu təzyiqlərin hədəfi bəllidir. Məqsəd Azərbaycan milli hərəkatını əsas hədəf, söyləm və şüarlarından uzaqlaşdırmaq və onu ümum-İran hərəkatı içərisində əritməkdir. Güney Azərbaycan milli hərəkatını “radikal”, “fanatik” və “faşist” bir cərəyan olaraq göstərmək çabası var. Başqa bir ifadə ilə, milli hərəkat şeytanlaşdırılır, hər cür yanlışlığın, pisliyin və radikalizmin qaynağı olaraq göstərilir. Milli hərəkatı şeytanlaşdırmaqla, onu əhliləşdirmə məqsədi güdülməkdədir.
Səltənət-tələblər (monarxistlər), yaşılçılar və digər rejimə müxalif qruplar Azərbaycan milli hərəkatını hədəf olaraq seçmişlər və onun demokratik-insani və haqlı tələblərini dünya ictimaiyyətinə “İran İslam cümhuriyyətinin” projesi kimi göstərirlər. Yuxarıdakı cərəyanlar milli hərəkatın içində də özlərinə müttəfiqlər tapıblar. Bunlar da içəridən milli hərəkatın haqlı tələblərini “radikal”, “fanatik” və “antidemokratik” olaraq göstərirlər.
Bu gün milli hərəkat hər tərəfdən təzyiqlərlə qarşı-qarşıya qalmışdır. İran içində islam cümhuriyyəti var gücü ilə milli hərəkatı yox etməyi hədəfləmiş və Azərbaycana daha öncə heç görünmədiyi qədər əmniyyəti-ittilaati (təhlükəsizlik – M.M.) basqısını artırmışdır. Xaricdə rejim müxalifləri də heç görünmədiyi qədər milli hərəkata saldırmaqdadırlar. Bunlara paralel (müvazi) olaraq, milli hərəkatın öz içindən də milli şüar və söyləmlərə yönəlik şantaj, təhqir və təxribat dalğası davam etməkdədir.
Göründüyü kimi, milli hərəkat bir-birinə düşmən olan güclərin birləşdiyi nöqtədir. Azərbaycan milli hərəkatı hamının şeytanıdır və indi hamı ona daş atır. Azərbaycan milli hərəkatına daş atmaqla, özlərini daha çox “vətənpərəst”, “irançı”, “demokrat”, “modern” və “mütərəqqi” olaraq hiss edirlər. Azərbaycan milli hərəkatını doğru başa düşüblər. Azərbaycan milli hərəkatı cəhalətin, xəyanətin, istibdadın, zülmün, hər cür qeyri-insaniliyin, faşizmin, şövinizmin, geriqalmışlığın və yoxsuluğun “şeytanıdır”.
Güney Azərbaycan milli hərəkatı gerçək azadlığın, ədalətin, demokratiyanı n və insan haqlarının cisimləşmiş halıdır. Onu şeytanlaşdıraraq, haqlı şüarlarını əlindən ala bilməzlər.
Milli hərəkat bu mərhələdən də güçlü, başarılı və qazanclı olaraq çıxacaqdır. Çünki milli hərəkatın heç bir şüar və söyləmi radikal deyildir. Güney Azərbaycan milli hərəkatının məfkurəsi demokratiya, insan haqları və hüquq əsasında formalaşmışdır. Azərbaycan xalqının başqa millətlərin torpağında gözü yoxdur. Azərbaycan xalqı başqa millətləri təhqir eləmir. Azərbaycan xalqının imperiyaçı fikir, duygu və iradəsi yoxdur. Azərbaycan xalqı özü özünü idarə eləmək istəyir. Daha başqa bir kimliyin idarəsi altında yaşamaq istəmir. Bu düşüncənin harası radikal, fanatik və faşist mahiyyətlidir?! Buna da haqqı vardır. Milli şüar və söyləmləri şeytanlaşdıraraq, Azərbaycan xalqının bu haqqını heç kimsə əlindən ala bilməz. Güney Azərbaycan milli hərəkatını yox etmək projesi nəticə verməyəcək. Üzüqaralıq isə qaranlıq otaqlarda Güney Azərbaycan milli hərəkatını yox etmək istəyən güclərə qalacaq.
Arif Keskin
Bu yazı hörmetli Mesiha Muhemmedi terefinden Azerbaycan grafikasına uygunlaşdırılmışdır. Mesiha Bey sonsuz sayqı ve teşekkürlerimi sunuram
Hiç yorum yok:
Yorum Gönder