21 Ekim 2009 Çarşamba

Əlirza Ərdəbili: Müzakirələrin dəyişməz mövzusu azadlıqlar məsələsidir

GÜNAZ.TV mətbuat mərkəzi Stokholm şəhərindən fəaliyyət göstərən əslən Güney Azərbaycanlı Əlirza Ərdəbilinin "haray" proqramına verdiyi müsahibəni tam mətni ilə təqdim edir.
Əlirza Ərdəbili İsveçin Stokholm şəhərindən fəaliyyət göstərən “Tribun” internet səhifəsinin redaktorudur. O, 1960-cı ildə Ərdəbil şəhərində anadan olub. Əlirza bəy 1983-cü ildən siyasi fəaliyyət nəticəsində İran rejiminin təqibinə məruz qalaraq İranı tərk edib. O, 3 il Azərbaycan Respublikasında yaşadıqdan sonra 1986-cı ildə İsveçin paytaxtı Stokholm şəhərinə mühacirət edib və həmin vaxtdan bəri orada yaşayır.

Sual: Hazırda İranda mətbuat azadlığının vəziyyətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, şah dövrü ilə indiki islam rejimi arasında mətbuatda vəziyyət dəyişibmi?
Cavab: Bu sualı cavablandırmaq çətindir, çünki bu fasilədə dünya dəyişib. Bu gün şah rejimi qalsa idi də, mətbuatın vəziyyəti əvvəlki kimi qala bilməzdi. Sözsüz ki, şah dövrü ilə müqayisədə hazır mətbuat azadlığı qat-qat yaxşıdır. Çünki şah dövründə monopoliya idi, yəni hər şey rejimin əlində idi. Yarım səhifəlik bəyanatı da vermək üçün çap dəsgahı, aparatlar lazım idi. Onun üstündə insanlar həbs olunurdular, güllələnirdilər və s. Bü gün isə min səhifəlik bəyanat olsa belə onu açıqlamaq üçün texniki imkanlar mövcüddur.

Sual: Siz internetlə məşğulsunuz, elektron qəzetin rəhbərisiniz. İranda elektron qəzetlər, ümumiyyətlə elektron informasiyalar sahəsində vəziyyəti necə qiymətləndirirsiniz? İranda internet vasitələri ilə işləmək mümkündürmü?
Cavab: İranda bu sahədə iki cür problem var. Onlardan biri texnikidir, yəni internetin sürəti çox azdır. İranda insana işgəncə lazım deyil. Avropalı, qərbli insanlar İrana getsə, onlara işgəncə lazım deyil, internetin aşağı sürəti özü onlara bir işgəncədir. Bu bir reallıqdır. İkincisi isə, filter məsələsidir. Bütün mühüm internet saytlar, rejimin xoşu gəlmədiyi bütün informasiya qaynaqlarının hamısına filter qoyulub. Burada da “siçan pişik” oyunu yaranır. Bir tərəfdən insanlar filterleri sındırır, digər tərəfdən rejim yenidən bu filterləri bərpa edir. Bu çətinliklərə baxmayaraq, insanlarda internetdən istifadə maraq böyükdür.

Sual: Dünyadakı elektron inqilab, informasiya inqilabı İrana necə təsir edib? Çünki son prezident seçkiləri dövründə İran hakimiyyəti İrandan xaricə çıxan informasiyaların qarşısını ala bilmədi. Ən azı, “Twitter” və “Facebook” kimi sosial şəbəkələr burada çox mühüm rol oynadı.
Cavab: Təbii ki, bu, bütünü dünyaya təsir etdiyi kimi, İrana da təsir edib. İnternet inqilabının ən güclü təsiri diktator rejimlərinə olub. Əgər bu, demokratik ölkələrin həyatin təbii bir hissəsinə çevrilibdirsə, diktatura ölkələrində cəmiyyətin siyasiləşmiş təbəqəsinin hakimiyyətə qarşı, demokratiya uğrunda apardığı mübarizədə böyük bir dəstəyə, instrumentə çevrilmişdi.

Sual: Sosial şəbəkələrdə, “Twitter” və “Facebook” kimi sosial şəbəkələrdə İranda yaşayan azərbaycanlılarla mühacirətdə olan, xaricdə yaşayan azərbaycanlıların əlaqələri varmı? Ümumiyyətlə, bu əlaqələr necə həyata keçirilir, hansı məsələlər müzakirə olunur?
Cavab: Əgər 20 il əvvəl Azərbaycan 2 hissəyə - xarici və daxili hissəyə bölünmüşdüsə, və ya şah dövründə şaha qarşı gedən radikal və ya qeyri-radikal sferaya bölünmüşdüsə, bu gün yalnız bir atmosfer mövcuddur. Yəni bu gün Təbriz yazılan məlumat Stokholmda nəşr olunur, Stokholm yazılan yazı Ərdəbildə oxunur, Tehranda nəşr olunan məlumat Vaşinqtondadı. Elə olur ki, Təbrizdə baş vermiş hadisədən biz Stokholmda məlumat əldə etsək də, bu məlumat hələ ənənəvi vasitələrlə Ərdəbilə çatmayıb. Ona görə də, çox vaxt biz informasiyanı daxildəkilərdən daha tez alırıq.

Sual: İnternet forumlarda İrandan olan azərbaycanlılar əsasən hansı məsələləri müzakirə edir?
Cavab: Xüsusilə dərin məsələlərdir. Bu məsələrin mahiyyəti və yönü dəyişmir. Milli azadlıq məsələsi, Azərbaycanda demokratiya qurulması, və s. Ancaq eyni halda aktual məsələlər vaxtaşırı əvəz olunur. Misal üçün son 6 ayda ilk növbədə İranda keçirilən prezident seçkisinə müdaxilə edək, yoxsa etməyək. Milli koloritli namizəd olmuş cənab doktor Ələmiyə qarşı mövqeyimiz nə olsun. Və ya digər namizədlərə qarşı necə münasibət göstərməliyik. Daha sonra isə seçkisonrası proseslərə qatılmaq məsələsi gündəmə gəldi. Bu mövzular vaxtaşırı dəyişir və ola bilər 3 aydan sonra tam fərqli məsələ gündəliyə çıxsın.
haray.voa

Hiç yorum yok:

Yorum Gönder