23 Haziran 2009 Salı

Güney Azərbaycan İstiqlal Partiyasının Güney Azərbaycan milli təşkilatlarına müraciəti!

Dəyərli vətəndaşlar!
Bildiyiniz kimi, iran adlanan ölkədə faşist fars molla hakimiyyəti özünün gerçək üzünü 10-cu prezident seçkiləri adı altında nümayiş etdirdiyi açıq saxtakarlıqla orada yaşayan millətlərə və bütün dünyaya bir daha göstərdi. Bu prosesin pərdəarxası gedişlərinə baxdıqda bir məsələ aydınlaşır ki, rejim daxilində baş verən nüfuz savaşı keçirilmiş saxta seçkilər və ona qarşı edilən etrazlarla məhdudlaşmayacaq. Belə ki, öz iqtidarını saxlamağa, eyni zamanda möhkəmləndirməyə çalışan dini rəhbərlik strukturu və bu sistemə qarşı əks mövqedə duran qüvvələr yeni gedişlərə cəhd göstərəcəklər.
Hadisələrin getdikcə daha kəskin xarakter alması onu göstərir ki, nüfuz savaşında iştirak edən və atdıqları addımlardan geri çəkilməyən hər iki qüvvənin hələ oynayacağı yeni kartlar vardır . Bu proseslərdə hər hansı tərəfin üstünlük əldə etməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək və əgər bu dönəmdə orada yaşayan qeyri-fars millətlər öz milli maraqlarından irəli gələn mövqeyi ortaya qoya bilməzlərsə, onların acınacaqlı durumu davam edəcək. Tehranda başladılmış son qanlı olaylardan öz maraqları üçün faydalanmağa cəhd edən bir sıra irançı təşkilatlar bəyanatlarında və çıxışlarında Azərbaycan türklərini də bu aksiyalara dəstək verməyə çağırırlar.
Çox təəssüf ki, bu məsələdə irançılıq mövqeyindən çıxış edən bəzi azərbaycanlılar da onların diktəsi ilə hərəkət edirlər. Lakin, belə bir dönəmdə iran adlanan ölkədəki bütün proseslərdə əsas güc faktoru olan 35 milyondan çox Azərbaycan türkünün özünün müstəqil milli-siyasi mövqeyini geniş müstəvidə ortaya qoyması olduqca önəmlidir. Bu həssas şəraiti nəzərə alaraq, Güney Azərbaycan İstiqlal partiyası (GAİP) bütün Güney Azərbaycan milli təşkilatlarina müraciət edərək , Güney Azərbaycan milli azadlıq hərəkatının əsas hədəflərə dogru düzgün irəliləməsi, milli mübarizəmizin genişləndirilməsi və iranç ı quvvələrin milli hərəkat adından sui-istifadə etmələrinin qarşısını almaq məqsədilə Azərbaycan Milli Cəbhəsinin yaradılmasını təklif edir və milli qüvvələri birgə fəaliyyətə çağırır.
İnanırıq ki, millətimizin qurtuluşunu və milli mənafeyini hər şeydən üstün tutan hər bir milli Azərbaycan təşkilatı bu çağırışa qoşularaq milli cəbhənin yaradılmasında yaxından iştirak edəcək. Əgər Güney Azərbaycanın milli qüvvələri bu prosesdə gec addım atmıış olarlarsa, heç şübhəsiz ki, irançı quvvələr milli hərəkatımızdan sui-istifadə etmək üçün bir çox saxta oyunlara baş vuracaqlar.
Belə bir tarixi şəraitdə Vətənimiz Azərbaycanın övladları olaraq biz üzərimizə düşən vəzifəni yerinə yetirməli və millətimizin iradəsinə söykənərək milli qurtuluş savaşımızı gücləndirməliyik. Öncədən bu milli cağırışa qoşulan hər bir azərbaycan təşkilatını alqışlayırıq, onlara sevgi və sayğımızı bildiririk. Əminik ki, Azərbaycanımızın parlaq gələcəyi üçün güc birliyimizi uğurla səfərbər edəcəyik.
Güney Azərbaycan İstiqlal Partiyası 23.06.09

Hiç yorum yok:

Yorum Gönder