Saleh İldırım:
"Musəvi baş nazir olduğu zaman 36.000 adamın edamına imza atıb" İranda baş verənlər dünya ictimaiyyətinin diqqətindədir. Konstitusiyaya Nəzarət Şurasının iyunun 12-də bu ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin ləğvi barədə təklifi qəbul etməməsi gərginliyi daha da artırır. Seçkilərdə prezidentliyə namizəd olan və məğlubiyyəti ilə barışmayan müxalifətin lideri Mir Hüseyn Musəvini dəstəkləyən qüvvələr Mahmud Əhmədnejadın qələbəsini qəbul etmirlər. Elə buna görə də İran çalxalanmaqdadır, hökumət M.Əhmədnejadın qələbəsini "həzm" etməyən və seçkilərin nəticələrinin yenidən hesablanmasını tələb edənlərə qarşı sərt tədbirlər görməkdədir. Ölən və yaralılar haqqında isə dəqiq və rəsmi məlumatlar gizlədilir. Hətta İrandakı üsyanı yatırmaqdan ötrü HƏMAS-ın qüvvələrindən istifadə edildiyi də bildirilir. Musəviyə isə ya geri çəkilməsi, ya da ölkəni tərk etməsi təklifi verilib.
İranda prezident seçkilərindən sonra yaranmış məlum vəziyyətlə bağlı Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh İldırım "Həftə içi"nin suallarını cavablandırıb. - Bilirsiniz ki, İranda bu illər ərzində bir çox daxili narazılıqlar olub və reyim etirazları yerindəcə boğmaq üçün dərhal elan edib ki, güya bu, xarici dövlətlərin, o cümlədən Amerika və İsrail dövlətinin əli ilə planlaşdırılıb. Ona görə də orada baş verən məlum hadisələrə münasibətdə bu köhnəlmiş ittiham dini rəhbərlik sistemini əlində saxlayan qüvvələr tərəfindən ortaya atılır. Ancaq bir məsələ aydındır ki, bu quvvələr baş verən hadisələrin əsl mahiyyətini pərdələmək və etirazları tez bir zamanda susdurmaq üçün belə ittihamdan geniş miqyasda yararlanmağa çalışır. Onu da deyim ki, bu gün İranın siyasi sistemində təmsil olunan qüvvələrin içində Qərbə baxış mövzusunda kəskin fərq yoxdur. Həm mühafizəkarlar, həm də özlərini islahatçı kimi tanıtdıran qüvvələr Qərb demokratiyasını rədd edirlər və buna alternativ olaraq islam demokratiyasından dəm vururlar. Ancaq bu günə kimi islam demokratiyasının əsaslarını müəyyən edə bilməyiblər. Fəqət baş verən olayların gedişatından asılı olaraq bu quvvələrin arasında Qərbə baxış dəyişə bilər. Bu dəyişmə də yalnız siyasi savaşın necə aparılmasından asılı olacaq. Hər iki tərəf öz durumlarından asılı olaraq belə bir gediş edə bilər. Çünki İranda siyasi nüfuz davası uğrunda gedən proseslər ciddi şəkildə hər iki quvvənin mövqeyini zəiflədir. Ancaq bu dəyişikliyin daha çox islahatçı adı ilə tanınan quvvələr tərəfindən edilə biləcəyini istisna etmirəm. Düşünürəm bu gün belə bir mövqeyin sərgilənməsi mümkün olmayacaq. Çünki hakimiyyətin əsas gücünü özündə saxlayan quvvələr bu ittihamı irəli sürməklə əslində bəhanə axtarırlar və əgər islahatçı adlanan qüvvələr Qərb dövlətlərinə hər hansı mesay verərlərsə, onlar daha tez məğlub olacaqlar.
- Rusiya mətbuatının Musəvini Qərbin agenti adlandırmasına münasibətiniz necədir?
- Mir Hüseyn Musəvi keçmiş dini rəhbər Ruhulla Xomeyninin əsl yolçularındandır. O, baş nazir olduğu zaman 36.000 adamın edamına imza atıb. İran dövlətinin cinayətkar üzvlərindən biri kimi Musəvi bu gün ali dini lider Seyidəli Xameneini açıq şəkildə qəbul etməsə də, İranın əsas qanunlarına həmişə hörmət etdiyini bildirib. Ola bilsin Musəvi indiki şəraitdə fərqli imicə sahib olan və demokrat bir şəxs kimi görünsün. Ancaq əgər gedən proseslərin pərdə arxasına baxsaq, bəlli olur ki, hakimiyyət uğrunda başladılmış güc savaşında hər hansı demokratikləşməkdən və ya Qərb dövlətləri ilə açıq münasibətə girməkdən söhbət getmir. Çünki bu qüvvələr reyimin əsas ideoloğiyasına sadiq qalan insanlardır və bu ideoloğiya Qərb baxışları ilə daban-dabana ziddir. Bir misal çəkim, məsələ aydınlaşsın. Bu gün bu savaşın aparıcı qüvvəsi olan Haşimi Rəfsəncani özü Xubrəqan Məclisinin başqanıdır. Bu məclis dini rəhbərliyi seçir və Rəfsəncani rəhbərlik sisteminin idarə olunmasının yalnız şura halında mümkünlüyünü qeyd edir. Elə İranda baş verən məlum hadisələrin kökündə duran məsələlərdən biri də budur ki, əgər Musəvi prezident olsaydı, Rəfsəncani bu istəyinə tez nail olacaqdı. Ona görə də Xamenei onlardan cəld davrandı və Əhmədineyadı qalib elan etdi. Rusiya mətbuatının belə bir açıqlamalarda bulunmaları əslində İranda baş verən hadisələrin tam mahiyyətindən xəbərsiz olmalarından irəli gəlir. Ancaq onların bir başqa maraqları da ola bilər və o da bundan ibarətdir ki, bu gün rəngli inqilabların arxasında Qərbin durmasını bir daha gündəmə gətirməklə onun nüfuzuna zərbə vura bilsin. Hər halda, nə qədər ki Əhmədineyad bu hakimiyyətin ideologiyasına bağlıdır, bir o qədər də Musəvi bağlıdır.
- Belə çıxır ki, Rəfsəncani ilə Xamenei arasında münaqişə mövcuddur.
- Bəli, münaqişə bu kəslər arasındadır. Musəvi Rəfsəncani tərəfindən himayə olunur.
- İranda aksiyalarıı yatırmaq ücün "Həmas" qüvvələrinin gətirildiyi də söylənilir...
- 22 may 2006-ci ildə Güney Azərbaycan milli hərəkatını boğmağa cəhd etdiyi zaman həm "Həmas", həm "Hizbullah", həmçinin ermənilərdən belə istifadə edildi. Güneydən bizə xəbər gəlirdi ki, insanlara atəş açanlar ərəb, erməni və fars dilində danışanlardır, Yadımdadır ki, o zaman Ermənistan Xarici İşlər Nazirliyi Güney Azərbaycan milli hərəkatını daha tez yatırtırmaq üçün əlavə qüvvələrin verilməsini də bəyan etmişdi. Ona görə də heç şübhə yoxdur ki, reyimin tərbiyə etdiyi terrorçu "Həmas" quvvələri bu olaylarda insanları öldürmək üçün iştirak edirlər.
- Necə proqnozlaşdırırsınız: xalq seckilərin bu nəticələri ilə razılaşmaq zorunda qalacaqmı?
- İlk olaraq deyim ki, seçkilərdə saxtakarlığın böyük miqyasda aparılması özü-özlüyündə ciddi bir hadisə olsa da, bu saxtakarlıq hər zaman İranın bütün seçkilərində baş verib və həmişə də hakimiyyətdə olan quvvələrin hamısı buna susub. Ancaq əgər bu gün bu məsələyə etiraz olunursa, deməli, məsələ ancaq seçki və saxtakarlıq məsələsi deyil. Bu məsələ hakimiyyətdaxili nüfuz savaşıdır. Onu da deyim ki, bu qüvvələrin hər ikisi eyni maraqlardan çıxış edir. Ancaq hakimiyyəti ələ keçirmək və hakimiyyəti idarə etmək üçün yeni proses başlayıb. Düşünürəm hər iki tərəf geri oturmadan müxtəlif gedişlərə əl atacaq. Çünki olaylar hər iki tərəfin gözlədiyindən daha da geniş bir miqyasda cərəyan etdi. Onlar düşünürdülər ki, bu savaşlar sakit, öz işlərində gedəcək. Ancaq bu belə olmadı, ona görə də hər iki qüvvənin geri çəkilməsi çətin olacaq.
- Bu məsələyə Güney Azərbaycandakı hərəkatların münasibəti necədir? - Güney Azərbaycan milli hərəkatında müxtəlif yanaşmalar var. Ancaq əsas düşüncə bundan ibarətdir ki, Azərbaycan bu şəraitdən düzgün faydalanmalı və ancaq öz milli istəklərini əldə etmək üçün çalışmalıdır. Təbii ki, Güney Azərbaycan milli hərəkatının müstəqil mövqe sərgiləməsi sox vacibdir və sevindirici haldır ki, hərəkatın tanınmış simaları yalnız milli hərəkatın güclənməsi istiqamətində fikir və təklif irəli sürürlər. Biz İran adlanan ölkədə yaranmış şəraitdə hər hansı bir tərəfin yanında durmadan yalnız milli hərəkatın hədəflərinə uyğun addım atacağıq. Hər iki tərəfin zəifləməsi milli hərəkatın daha da güclənməsi anlamına gəlir. Ona görə də onların daxilində baş verən hadisələr dərinləşdikcə hərəkat daha rahat şəkildə öz imkanlarını milli savaş üçün səfərbər edə biləcək. Bu gün Güney Azərbaycan milli azadlıq hərəkatı prosesləri bütün detalları ilə araşdırır və öz mövqeyini möhkəmləndirir.
- GAİP-in bu məsələ ilə bağlı bütün milli təşkilatlara müraciəti hansısa effekt verə biləcəkmi?
- Umid edirik müsbət effekt versin. Çünki bu gün Güney Azərbaycan milli hərəkatı üçün cox ciddi bir vəziyyət yaranıb. Əgər biz bu vəziyyətdən düzgün faydalansaq, milli hərəkatın qələbəsi üçün onəmli bir fürsət yarada bilərik. Ona görə də bu durumda bütün milli təşkilatların və milli fəalların bir mövqedən çıxış etməsi üçün belə bir cəbhənin qurulması vacibdir. Biz bu şəraitdə icazə verə bilmərik ki, İranda və bölgədə güc faktoru olan Güney Azərbaycan hansısa başqa bir hadisənin kölgəsində qalsın. Ona görə də hesab edirəm millətimizin maraqlarını hər bir şeydən üstün tutan milli şəxsiyyətlərimiz və təşkilatlarımız bu çağırışa müsbət yanaşacaqlar.
Hiç yorum yok:
Yorum Gönder