25 Kasım 2009 Çarşamba

Vüqar Bəyturan: İmkan vermək olmaz ki bizim qanımızın hesabına İran imperiyası formasını dəyişməklə, mahiyyətini qorusun

Bu gün Azərbaycanda bir cox siyasi partiyalar var ki, onların ideoloji platformasında Azərbaycan Bütövlüyü ideologiyası öz əksini tapıb və onlar bu ideyanı əsas xətt kimi götürüblər. Belə partiyalardan biri də Milli Qurtuluş Partiyasıdır.MQP 1989-cu ildə əslən Güney Azərbaycandan olan Məhəmməd Hatəmi Tantəkin tərəfindən qurulub, 2008-ci ildə Vüqar Bəyturan partiyanın 3-cü qurultayında MQP başqanı seçilib. Partiya başqanı Vüqar Bəyturan da əslən Güney Azərbaycandandır, 1992-98-ci illərdə Türk Millətçi Gənclər Təşkilatının, 1998-2008-ci illərdə isə Türk Millətçi Partiyasının başqanı olub, rəhbərlik etdiyi qurum MQP ilə birləşəndən sonra isə MQP başqanı postu ona həvalə olunub. Vüqar Bəyturanla müsahibə Güney Azərbaycanda cərəyan edən hadisələr və oxucularımızı maraqlandıran digər sualların cavabını almaq üçün GÜNAZ.TV Mətbuat Xidməti tərəfindən götürülüb. Bu müsahibəni dəyərli oxucularımıza təqdim edirik.
- Vüqar bəy xoş gördük Sizi! Bir siyasətçi olaraq Güney Azərbaycanda gedən Milli Azadlıq Hərakatını dəyərləndirmənizi istərdik.
- Güney Azərbaycan tarixən siyasi kataklizmlərin, milli hərəkatların, inqilabların baş verdiyi geostrateji əhəmiyyəti böyük olan aktiv siyasi bölgə olub. Quzey Azərbaycandan əhalisinin sayına görə dəfələrlə böyük olan bu ərazidə milli güc əsrlərlə təkmilləşib, milli enerji sərf olunmaq üçün fürsət axtarıb, təəsüflər olsun ki, istiqamət verənlərin günahı, xarici qüvvələrin təsirləri, millətimizə bölgə xalqları və burada maraqları olan supergüclərin potensial təhlükə kimi yanaşması ucbatından milli hərəkatların son nəticəsi həm güney, həm də quzey Azərbaycan türkləri üçün uğurlu olmayıb. Bir məsələyə diqqət yetirmək vacibdir ki, buraxdığımız səhvlər və yuxarıda qeyd olunan situasiya əsrlər dəyişdikcə, inqilabların, nəsillərin biri digərini əvəzləməsinə baxmayaraq, dəyişməyib. Yenə pərakəndəlik, milli hərəkatın içində fərqli istiqamətlərin bir-biri ilə düşmənçilik etməsi, para sahiblərinin milli fikir sahiblərinə dəstək verməməsi, özündən çox kənar təsirlərin proseslərin gedişatını müəyyən etməsinə kortəbii inam, xalqın təşkilatlanma səviyyəsinin qənaətbəxş olmaması və digər problemlər gündəmdədir. Amma dünyada baş verən dəyişikliklər, imperiyaların dağılması, Quzey Azərbaycanda müstəqil dövlətimizin varlığı, öz müqəddəratını təyin etmə və birləşmə modellərinin çoxsaylı nümunələrinin mövcudluğu, eləcə də əvvəlki səhvlərdən nəticə çıxarmaq imkanı olan yetkin siyasi və ictimai xadimlərin, Günaz TV kimi təbliğat ruporlarının olması bu gün durumumuzu əvvəlkilərdən fərqləndirir. Bütün bunları sadalayandan sonra demək olar ki, Güneyimizin taleyinin həll olunması üçün siyasi situasiya yetişib və istiqlaliyyətə nail olacağımız, bütövləşib, Böyük Azərbaycan Türk Dövlətini quracağımız günlər olduqca yaxınlaşıb.
- Bildiyiniz kimi İranda daxili siyasi proseslər gərgindir və bu proseslərin Milli Hərakata nə kimi təsiri ola bilər?
- Milli Hərəkatın uğur qazanmamasını istəyənlərin İran adlanan imperiyada siyasi gərginlikdən sui-istifadə etməyə çalışacaqları şübhəsiz idi. Əslində milyonlarla mübariz Azərbaycan türkünün hakimiyyətin öz içərisində baş verən narazılıqlarda iştirak edərək, öz mübarizə enerjilərinin daxili siyasi oyunlarda istifadə olunmasına şərait yaratmaları o qədər də milli maraqlarımız baxımından əlverişli deyildi. Amma nəzərə alsaq ki, islam maskası geymiş imperiyanın hüdudları daxilində baş verən hər hansı proses rejimin tapdağı altında inildəyən digərləri kimi hər bir Güney Azərbaycan türkü üçün də teokratik molla sömürgəçilərinə zərbə vurmaq şansı kimi görünürdü, o zaman son prezident seçkilərində millətimizin aktiv iştirakını başa düşmək olar. Burada bir önəmli məsələyə diqqət yetirmək lazımdır ki, küçələrə çıxan etirazçı kütlənin içərisində olan türklərin məqsədi gələcək istiqlaliyyətə xidmət etmək idisə də, fars milliyyətindən olan və İran adlanan imperiyanın sonunun yaxınlaşdığını hiss edən etirazçılar isə bu şər dövlətin qorunub başqa formada qorunub saxlanılmasına çalışan, bizlərə münasibəti heç də indiki rejiminkindən yaxşı olmayan şah tərəfdarları idi. Sadə insanlardan fərqli olaraq güneyin siyasi təşkilatları bu prosesdə müdrik mövqe tutdular və tərəfə çevrilməyərək rejimin iş üzünün bütün dünyaya bir daha tanıdılmasına yardımçı oldular. Konkret desək, bizi İranın gələcək taleyi deyil, öz millətimizin gələcəyi düşündürməlidir.
- Son vaxtlar cərəyan edən İran-Amerika münasibətlərində baxışınız nədən ibarətdir?
- Qərbin, demokratik dövlətlərin anti-insani metodlarla idarə olunan bu dövlətə münasibəti birmənalıdır. İran sivilzasiyanın, demokratik dəyərlərin düşməni kimi hamı tərəfindən tanınıb. MAQATE bu şər imperiyasının bəşəriyyət üçün təhlükəsiz duruma gətirilməsi istiqamətində ardıcıl addımlar atır. Çox təəsüflər olsun ki, biz bəzən hər bir şeyi kənardan, fövqəlqüvvələrdən gözləyirik. Belə yanaşma Qarabağ münaqişəsində də, Güney məsələsində də özünü göstərir. Amerika və ya başqa bir demokratik dövlət bizim əvəzimizə nə erməni təcavüzkarlığının, nə də fars imperializminin, nə rus şovinizminin qarşısını alacaq. Bu gün hansısa dövlətin siyasətini biz bəyənmiriksə, ilk növbədə səhvi özümüzdə axtarmalıyıq. Güney və Quzey Azərbaycanın diaspora təşkilatları nəhayət işə düşməlidir. Diasporanın işi müğənnilərin xaricdə konsertlərini təşkil etməklə məhdudlaşmamalıdır. Biz yaxşı mənada yəhudi xalqınının tarixini öyrənib, nəticə çıxarmalı, təşkilatlanmanı, yardımlaşmanı, dayanışmanı, diaspora fəaliyyətini əxz etməliyik. Amerika – İran münasibətlərində baş verən dəyişikliklərə gəlincə, bu zaman-zaman baş verir və zahiri xarakter daşıyır. Demokratiyanı əsas dəyər kimi qəbul edən istənilən dövlət İran adlanan şər imperiyası ilə bir istiqamətdə əməkdaşlıq edə bilər-həmin imperiyanın dağılması istiqamətində!
- Gələcəkdə, İranda böyük çapda ciddi siyasi dəyişiklər baş versə- Güney Azərbaycan Milli Hərakatı hansı mövqedən çıxış etməlidir?
- İranda dəyişikliklər qaçılmazdır. Bölgədə türk milli kimliyinin qabarmasını həzm edə bilməyənlər bu imperiyanı parçalamadan demokratikləşdirmək, daha doğrusu “əhliləşdirmək” istəyir. Amma zaman keçdikcə hamı türk kimliyinin, konkret olaraq Azərbaycan türkünün iştirakı olmadan bölgənin problemlərini həll etməyin mümkünsüzlüyünü anlayacaq. Fikrimcə, Güney Azərbaycan Milli Hərəkatı baş verəcək ciddi dəyişikliklər zamanı prinsipial mövqe nümayiş etdirməlidir-istiqlaliyyət tələbindən bir addım da olsa, geri çəkilmək olmaz! Müəyyən mərhələli həll yollarını qəbul etmək, vahid dövlətin bəzi əlaqələrinin əməkdaşlıq formasında saxlanmasını istisna etmək olmasa da, imkan vermək olmaz ki, növbəti dəfə bizim qanımız hesabına İran imperiyası formasını dəyişməklə, mahiyyətini qorusun.
- Hansı addımları atmaq lazımdır ki, Milli Hərakat daha da güclənsin və proseslər uğurla başa çatsın?
- Güneydə yaranan siyasi təşkilatlar bir mərkəzdən idarə olunmalı, qarşılıqlı ittihamlardan əməkdaşlıq sferasına qədəm qoymalıdır. Güneylə Quzeyin ictimaiyyəti və təşkilatları arasında ciddi əlaqələr qurulmalıdır. Vaxtilə Bütöv Azərbaycan Birliyi fəaliyyət göstərirdi, Əbülfəz Elçibəyin vəfatından sonra bu qurum anım tədbirləri keçirən məclislərdən başqa heç bir iş görmədi. İndi yeni formatda belə bir təşkilata ehtiyac var. Bu yeni qurum quzeyin iqtidar-müxalifət oyunlarına qarışmamalı, konkret siyasi xadim ətrafında birləşməməli və kiçik məqsədlərin həyata keçirilməsi arenasına çevrilməməlidir. Bir sözlə, 50 milyonluq Azərbaycanımızın bütün dəyərli mücahidləri iddialarını kənara qoyub, dünyaya birləşə bildiklərini sübut etməli, gec də olsa, Milli Hərəkatın maliyyə, təşkilatı, siyasi, diplomatik dayaqlarını yaratmağa başlamalıdır. MQP başqanı olaraq bu gün məni 9 milyonluq Azərbaycanda hakimiyyət uğrunda mübarizədən çox, 50 milyonluq bütöv, güclü, demokratik, Böyük Azərbaycanın qurulması yönündə fəaliyyət daha çox maraqlandırır, damarında türk qanı axan hər bir Azərbaycanlı bu gün belə düşünməlidir. Önəm verilməli sahələrdən təbliğat sahəsi və diaspora fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Dünyanın hər bir insanı bilməlidir ki, Azərbaycan bölünüb və Azərbaycan türkləri bu ədalətsizliyi aradan qaldırmaq əzmindədir.
- Vüqar bəy sonda Sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığınıza görə.
- Mən də Sizin timsalınızda Günaz TV-yə - Güneyimizin bütün dünyaya ucalan haqq səsinə uğurlar arzulayıram. Birlikdə qələbə qazanıb, dünyada öz layiq olduğumuz yerdə dayanmaq şərəfini tez bir zamanda əldə etməyimizə Ulu Tanrı yardımçı olsun! Tanrı Türkü Qorusun!
Söhbətləşdi: Elnur Eltürk
http://gunaz.tv/xaber/vuqar-beyturanimkan-vermek-olmaz-ki-bizim-qanimizin-hesabina-iran-imperiyasi-formasini-deyisme

Hiç yorum yok:

Yorum Gönder