11 Kasım 2009 Çarşamba

Hidayət Sultanzadə: İranı ideologiya deyil, demokratiya xilas edəcək

Hidayət Soltanzadə
Harayın qonağı Hidayət Sultanzadədir. O Tehranda anadan olub. Uşaqlığını Təbrizdə keçirib. Tehran Universitetini bitirib. Avropa ölkələrində yaşayıb. Hazırda İngiltərədə mühacirətdədir.
Sual: İranda prezident seçkilərindən sonrakı hərəkatı demokratik adlandırmaq olarmı? Bu hərəkatda İranda yaşayan bütün xalqlar təmsil olunurmu?
Cavab: Tehran böyük bir meqapolisdir. Orada xalq mürtəce qüvvələrin əleyhinə qalxıb. Onlar xalqı əzirlər. Bəsicilərdir, pasdarlardır və bir sıra nizami qüvvələrdir. Bunlar Xameneyi tərəfindən idarə olunur və Əhmədinejat tərəfindən müdafiə olunur. İndi xalq əzilməsinə etiraz edir. Xalqın ayağa qalxması cəmiyyəti iki yerə bölüb. Şüarların da xarakteri də dəyişib, yavaş-yavaş radikallaşır.
Sual: Şüarlar necədir?
Cavab: Birinci azadlıq şüarlarıdır. Qadınların və millətlərin hərəkatıdır. Hər üç şüarı qaldıranlar prezidentliyə namizədləri deyil, öz haqlarını tələb edir. Seçkidən sonra isə vəziyyət tamam dəyişib. Çünki seçki dövründə meydanlara çıxmış xalq mövcud dini rejimin sifətini daha aydın gördü və bu xalqın ayılmasında mühüm rol oynadı. Hazırda elə bir mərhələ yetişib ki, ictimai-siyasi mübarizə özünü təsdiq etmək istəyir.
Sual: İranda ictimai-siyasi mübarizə özünü təsdiqetmə mərhələsindədir. Buna xaricdən dəstək necədir? Yəni xaricdə çoxsaylı mühacir təşkilatları var. Onlar da daxili mübarizəyə təsir edə bilirmi?
Cavab: Kim nə qədər bacarır, o qədər də kömək edir. Xaricdə müxtəlif ideologiyalara xidmət edən çoxsaylı təşkilatlar fəaliyyət göstərir. Onların hər birinin İranda demokratik hərəkata köməklə bağlı öz baxışı var. Dünyanın 108 şəhərində İrandan olan insanlar dalbadal nümayişlər keçirdi. İndi isə böyük paytaxtlarda həftədə bir və ya iki dəfə İran rejiminə etiraz olaraq İran, Amerika və Rusiya səfirliklərinin qarşısında etiraz nümayişləri keçirirlər.
Sual: Fikrinizcə, İranı hansı ideologiya böhrandan xilas edə bilər? Əhali hazırkı dini rejimə etiraz edir, şah rejimini istəmir.
Cavab: Biz ideologiya yox, demokratik sistem istəyirik. İdeologiya ilə qabağa getmək mümkün deyil. Çünki, qadınların, millətlərin, mədəniyyətlərin, dinlərin, dillərin, insanların azadlığı, siyasi və hüquqi azadlıqlar demokratik rejimdə əksini tapır. Azadlıq bir baxışdır. Onu böldükdə, bütün azadlıqlardan məhrum olursan. Demokratiyada bütün azadlıqlar bir-biri ilə orqanik bağlılıqda yaşayır. İran demokratiyaya çatmalıdır və bundan sonra müzakirələr davam etdirməlidir.
Sual: Bu mübarizədə İranda yaşayan azərbaycanlılar öz milli haqlarına çatacaqmı?
Cavab: Gec-tez azərbaycanlılar öz haqlarına çatacaq. Mən buna əminəm. Çünki milli haqlar uğrunda on illərdir mübarizə aparırlar. Ancaq hələ sabit bir formul yoxdur ki, deyək bu formula ilə azadlığa çatacaqlar. Şimali Azərbaycanda olan şəraitlə Cənubi Azərbaycandakı durum arasında böyük fərq var. Şimali Azərbaycan istiqlala çatdığı dövrdə strukturlarını formalaşdırmışdı. Burada cümhuriyyət var idi, parlament var idi, dil azad idi. Cənubi Azərbaycan strukturlara nail olmalı, dilin azadlığını qazanmalıdır. İran bir coğrafiyadır ki, orada çoxsaylı millətlər yaşayır. Bu millətlərin biri istiqlala getsə, digərləri ilə çoxsaylı mübahisəli problemləri ortaya çıxacaq. Bu həm də yeni regional problemlər yaradacaq. Çünki, prosesə Türkiyə, İraq, Suriya, Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan və digər ölkələr qarışmalıdır. Belə geosiyasi kövrək və gərgin məntəqədə İranın parçalanması asan məsələ deyil. Buna böyük güclər də imkan verməz.

Hiç yorum yok:

Yorum Gönder