5 Temmuz 2009 Pazar

Araz Aslanlı, İran-AB gərginliyi

Prezident seçkisindən sonra İranda baş verən hadisələr Avropa Birliyi dövlətləri tərəfindən diqqətlə izlənilir. Ara-sıra bu dövlətlərin İranda insan haqlarının pozulması ilə bağlı ciddi bəyanatı da səsləndirilir. Amma İran rəsmiləri hakimiyyətdaxili gərginliyi və həyəcanı yatırtmaq üçün xarici düşmən axtarışından vaz keçmir. Xatırlanacağı kimi İranın Ali Dini Rəhbəri Ayətullah Xamanei seçkilərdən sonra ilk cümə namazında ABŞ və Böyük Britaniyanı düşmən kimi təqdim etdikdən sonra İngiltərə ilə İran arasında münasibətlər gərginləşməyə başladı. İran rəsmiləri Britaniyanın Tehrandakı səfirliyinin 2 əməkdaşını ölkədən çıxardı və rəsmi London da eyni addımı atmağa məcbur oldu.

Bu hadisədən sonra İranın hüquq mühafizə orqanları Britaniyanın Tehrandakı səfirliyinin yerli əməkdaşlarından 9 nəfərini həbs edərək onları “İranda rəngli inqilab törətməkdə və xarici kəşfiyyatla əməkdaşlıqda” ittiham etdi. Bu məsələ Britaniya və AB üzvü ölkələrin ciddi etirazlarına səbəb olduqdan sonra İran rəsmiləri onların bir qrupunu azadlığa buraxsa da, rəsmi Londonun bildirdiyinə görə hələ də 2 nəfər həbsdə qalır.
Dünən İranda cümə namazı zamanı Ayətullah Əhməd Cənnəti bir daha Britaniyanın Tehrandakı səfirliyində işləyən İran vətəndaşlarının son hadisələrdə əllərinin olduğunu vurğulayaraq bildirib ki, onlar mütləq mühakimə olunmalı və cəzalandırılmalıdır. Elə həmin gün AB ölkələri İranın Avropadakı bütün səfilərini çağıraraq öz etirazlarını bildiriblər. Avropa Birliyinin rəsmiləri təşkilata üzv 27 ölkənin Tehrandakı səfirlərini geri çağırması barədə Britaniyanın təklifini də nəzərdən keçirirlər.
İranda baş verən hadisələrin bu ölkənin xarici əlaqələrinə təsiri indidən özünü göstərməyə başlayıb. İranda hərbiçilərin son zamanlar xarici siyasətə qarışmasını nəzərə alsaq AB ilə müvəqqəti əlaqələrin kəsilməsi nüvə proqramının inkişafında İran rəsmilərinə də sərf edir. Belə ki, yaranmış vəziyyətdə əlaqələrin kəsilməsi danışıqları bir müddətdə arxaya ata bilər. Əlbəttə bu siyasət İranda hərbiçilərin istəyidir və onlar hadisələrin belə inkişafının İranın daxili məsələlərinin həllinə yardımçı olacağına inanırlar. Seçkilər zamanı və seçkilərdən sonrakı hadisələr nüvə danışıqlarıni 5 aydan çoxdur ki, dayandırıb. Növbəti qalmaqalların da meydana çıxması bu danışıqların müddətinin uzanmasına xidmət edə bilər. Qeyd edək ki, bu dönəmdə İranın nüvə fəaliyyəti dayanmadan davam edib. Danışıqlar prosesinin dayanması isə, bir yandan İrana hərbi müdaxilə riskini az da olsa artırır, amma digər yandan İranın nüvə proqramını nəzarətdən kənar şəkildə inkişaf etdirməsinə imkan yaradır. Bu isə öz növbəsində İranın indiki rəsmilərinin bu risklə qarşı-qarşıya qalmaqdan çəkinmədiklərini göstərir.

Hiç yorum yok:

Yorum Gönder