Doğu Türküstanda və Güney Azərbaycanda ortaq bir şey var: Türk milli kimliyi yolunda mübarizə. Ancaq coğrafi, tarixi şərtlərdən asılı olaraq bəzi fərqliliklər də bənzərliklərlə bərabər mövcuddur. Doğu Türküstanda ”Oyanış”a ehtiyac yoxdur. Çünkü min ildən artıqdır ki, Uyqurlar oyanıqdırlar. əslində oyanışı fəlsəfi bir qavram olaraq bir millətin zehni açılımı kimi anlarsaq, türk tarixində ilk oyanış dönəmləri uyqurlarda başlamışdır. Bizim dilimizin ölməz abidələri uyqurlar tərəfindən qələmə alınmışdır. Türk Cümhuriyətlərinin bütün filologiya universitetlərində uyqurların yazdıqları əsərlər dilimizin ilkin abidələri kimi tədris edilir. Bu açıdan uyqurların türk mədəniyət tarixində ayrıca yeri olmuşdur. Daha doğrusu türklüyün ən mədəni və yaradıcı boyu uyqurlar olmuşdur. İslamdan öncə də sonra da uyqurlar mədəni işlərlə çox məşğul olmuşlar. Oyanış isə bir millətin ağlının hərəkətə keçməsi və milli dildə yaradıcılıqla məşğul olması anlamındadır. İslamdan öncə ”Altun yaruq” kimi çox önəmli dini-fəlsəfi əsər uyqurlar tərəfindən türk dilinə tərcümə edilmişdir. Altun yaruq buddist görüşləri öz içində barındırmaqdadır. Bu önəmli kitabda dilimizin sözdağarcığı geniş boyutda yer almışdır. ”Altun yaruq”da keçən bir çox sözlər bu gün də dilimizdə qullanılmaqdadır. Ancaq ”Altun yaruq” kitabındakı sözlər daha çox bugünkü uyqurcada mövcuddur. İslamdan sonra ”Divani-lüğati-türk”, ”Qutatqu bilik” kimi böyük əsərlər yenə də uyqurların zehni çalışmalarının ürünüdür. Bu sürəklilik uyqurlarda kəsintiyə uğramamışdır. Daima davam etmişdir. Özəlliklə uyqur musiqisi tarixdə ayrıcalıq daşımışdır. Örnəyin ”Nəva” muğamı uyqurlarda çox yayqın şəkildə oxunmaqdadır. Azərbaycanda bu muğam yalnız son zamanlar Güney Azərbaycanda oxunmağa başlamışdır. Digər muğamların da uyqurlarda özünəməxsus gəlişmə tarixi olmuşdur. Mədəni açıdan uyqurlarda sürəkli oyanış olqusuna tanıq olmaqdayıq.
Güney Azərbaycanda isə oyanışa ehtiyac var. Çünkü biz İranda yaşayan türklər olaraq öz ana dilimizə uyqurlar qədər önəm verməmişik, farsca yazmışıq. Uyqurların tərsinə olaraq düşüncə dilimiz tarix boyu farsca olmuşdur. Bizim pozisionumuzdan baxıldığında oyanışın önəmli anlamı ana dilində yazmaq, ana dilində düşünməkdir. Uyqurların dışında bütün türklərdə bu şəkildə olmuşdur. Hətta Osmanlıda da bu şəkildə olmuşdur. Atatürk həm oyanışı, həm də siyasi və fikri qurtuluşu gerçəkləşdirmişdir, ildırımsayağı davranışları ilə.
Uyqurlarda islam uyqur kimliyini dəstəkləyən və Çin basqısı qarşısında dirənən faktordur. Uyqurlar inanc zəminində də Çin kimliyindən fərqlənirlər. İnanc çox qapsayıcı olduğu üçün toplumun bütün qatmanlarını içinə alar. Bir millət hər zaman düşünərək davranmaz, mübarizəyə qatılmaz, həm də inanaraq savaşar. Örnəyin son uyqur olaylarında küçələrdə Çin zülmünə qarşı savaşan akademiklər deyildi. İnanan zəhmətkeş qadınlar və kişilər idi. Uyqurları inandıqları din Çinlərdən ayırır. Bu üzdən də uyqurlar asimilə olmurlar. Asimilasion inanc birliyi yolu ilə daha tez gerçəkləşir bizlərdə olduğu kimi. Uyqurların sorunu kolonializmdir əsasən, asimilasion deyildir. Çin kolonisi uyqur kimiliyini fərqli şəkildə sömürür. Bu görüşümü anlatmaq üçün bir örnək söyləyəcəm. Yəhudilər bütün dünyaya səpələndilər. Ancaq fərqli inanca sahib olduqları üçün kimliklərini qorudular və asimilə olmadılar yaşadıqları ölkələrin mədəniyətləri, dilləri qarşısında. Ermənilər də o şəkildə. Erməni inancı həm Doğuda, həm də Batıda onların asimilə olmalarını əngəlləmişdir. Bu üzdən də uyqurların qurtuluşuna imkan daha genişdir. Bütün uyqurları Çinin genəlinə dağıtsalar belə, onların inancları durduqca asimilə olmazlar. Çünkü inanc sadəcə maddi və əqli planda dayanışma sağlamaz. İnanc ruh planında və bilincaltında da dayanışma örnəklərini göstərmiş olar. Bu açıdan kəndli uyqur qadınlarının Çin zülmünə qatrşı küçələrdə yumuruğunu düyünləyib etiraz etdiyini görürük.
Güney Azərbaycanda isə biz inanc planında asimilə oluruq. İranda kürdlər, Bəluçlar, Türkmənlər asimilə olmurlar. Yalnız şiə türklər asimilə olur, farsdan çox farsçı olur, İran təhlükəyə girəndə özünü ölümə verir. Nədən? Çünkü bizim sorunumuz koloni məsələsi deyil, asimilasion sorunudur. Biz könüllü olaraq asimilə oluruq. İnanc şəklimiz bizi asimilə edir. Səfəvilərdən başlayan bir sürəc bizi asimilə edir. Fars milliyətçiliyinin ideologiyasını aydın və asimilə edilmiş türklərin oluşdurması bu baxımdan şaşırtıcı deyildir. Çünkü Şiənin dili farscadır. Ədəbiyatı farscadır, bir fars islam alqılayışıdır. Bu üzdən də bizim ruhumuz əsir alınmış, türklüyümüz əsir alınmış bu inanc qarşısında, savunmasız qalmışıq. Könüllü şəkildə ruhumuz qaranlıqlara gömülür, dirənişimiz çökür. Bu üzdən də uyqurların tərsinə olaraq bizim üçün oyanış sürəci lazım görünür. Oyanıb və bu könüllü asimilasiona ”dur!” deməliyik. İranda bu qədər fars olmamışdır. 1828-ci ildə ”Türkmənçay” andlaşması imzalandığında tehranda 25 min Təbrizdə isə 400 min əhali var. Tehrandakı əhali də bütünü ilə türk idi. Ancaq bu gün demək olar ki, Tehran bir fars şəhri olmuşdur. Türklərin də nəvə-nəticələri orada farslaşır. Tehrandakı bu qədər fars hardan gəldi? Bunların hamısı farslaşmış türklərdir. Çünkü 1795-ci ildə Ağaməhəmmədxan Qacar oranı strateji güvənliyindən dolayı başkənd təyin etdiyində orada bir tək fars yox idi. Bir türk kəndi idi. Tarixi axış içində Qacarlar orada yeni və modern fars dilini oluşdurdular. Bu gün İrandakı modern farsca, əslində Qacar farscasıdır. İsfahanda, Xorasanda, Şirazda, Əfqanistanda, Tacikistanda bu farsca ilə danışmazlar. Ortaq inanc bizim enerjimizi əlimizdən alıb, bizi gücsüz buraxıb, sonra fars dəyərləri ilə üstümüzə saldırmışdır. Şah İsmayıldan başlayaraq günümüzə qədər bu saldırı qarşısında inanc planında savunmasız qaldığımız üçün bütün enerjimiz fars dilinin yüksəlişinə adanmışdır. Tam tərsinə olaraq bu sürəc içində uyqurlar öz dillərində imkanları qədər yazmışlar. Bunun nəticəsi olaraqdır ki, bugün zehni oyanmış bir Güney Azərbaycan milliyətçisi ana dilində yaza bilmir, yazmaq istəsə də. Ancaq bir uyqur öz ana dilində yazır. Nədən? Çünkü uyqurlarda ana dilində yazma sürüəkliliyi davam etmiş, bizdə kəsintiyə uğraməşdır. Uyqur inancı onu rus-çin basqısı qarşısında qorumuşdur. Bizim inancımız bizi fars dəyərlərinin, dilinin basqısı qarşısında savunmamışdır. İnanc, sadəcə bir din məsələsi deyildir. Toplumun bütün kültür kodları inancda saxlı olur. Ortaq inanc zaman içində kültürün zəif tərəflərini ortadan qaldırıb və güclü mədəniyətin dəyərlərini onun yerinə yerləşdirir. Fərqli inanc isə, bir kültürdə zəif görünən tərəfləri də rəqib inanc qarşısında daha da gücləndirir. Bu gün uyqurlarda türk kimliyinin daha güclü, türk kültürünün, türk həyat tərzinin daha güclü və bizdə isə daha zəif olmasının səbəbi budur. Bizim də bir çox kültürəl dəyərlərimiz uyqurların həyat tərzində mədəniyətində yaşamaqdadır. Bir sözlə Şiə islamı İranda türklərin asimilasionu üçün hər tür şəraiti sağlamışdır. Ancaq uyqurlarda islam uyqur kimlıiyinin bəkçisidir. Millətlər inanc dəyişdirdiklərində onların milli bilincaltı da dəyişimə uğrar. Səfəvilərdən sonra bu qorxunc fars kimliyi mərkəzli inanc qarşısında bizim milli şüuraltımız farslaşmağa başlamışdır. Farslar Səfəvi dövlətinin quruluş tarixini haqsız yerə ”fətrət” adlandırmırlar. Fətrət, iki zaman arasındakı boşluq deməkdir. Farslara görə Sasanilərdən sonrakı siyasi zaman boşluğunu səfəvilər qapatmışlar. Səfəvilərlə bizim ortaq inancımız türk dünyasından ayrılıb fars dünyası qarşısında savunmasız buraxıldı. İranda yaşayan türklərin inancı üzərinə ideoloji sınır qoyuldu.
Uyqurların böyük şəxsiyət yetişdirmə imkanları daha artıqdır. Əgər bu gün bir qadın uyqurların liderliyini üzərinə almışsa, bu heç də təsadüfi deyildir. Onlar oyanıq şəkildə öz kimlikləri yolunda ölüm-dirim savaşına çıxmışlar. Heç bir uyqur inanc planında çinləşə bilməz. Bəlkə qorxusundan, mənafeyindən dolayı çinlərin yanında yer ala bilər, ancaq onun vicdanını sarmış inancı öz içində yenə də gizlin dirəniş atəşini yaxar. Bizim milli vicdanımız farslaşır. Onminlərcə soysuzlaşmış, farslaşmış türk bugünkü milli mübarizəyə qarşı farsların yanında yer alırlar böyük cəsarətlə və bizi də ”pantürkist!” adlandırırlar.
Özətləyəcək olursaq, Doğu Türküstanda iki min ildən artıqdır oyanıq olan türklər istiqlal mübarizəsi aparır. Güney Azərbaycanda isə, beş yüz ildən artıqdır dadlı-dadlı Səfəvi röyasına dalan türklər oyanış yolunda çabalayırlar.
14.7.2009
Hiç yorum yok:
Yorum Gönder