1 Temmuz 2009 Çarşamba

Araz Aslanlı, Iran geri donusu olmayan yola girdi

İran televiziyasının verdiyi məlumata əsasən, İran Qoruyucular Şurası (“Şurayi Nigəhban”) dünən 12 İyunda keçirilən onuncu prezident seçkilərinin nəticələrinin düzgünlüyü haqda qərar verib və Mahmud Əhmədinejadı növbəti 4 il müddətinə İran prezidenti kimi təsdiqləyib. İran qanunlarına əsasən, ölkədə keçirilən seçkilərə bu şura nəzarət edir. Şura keçirilən seçkilərdə verilən səsləri Daxili İşlər Nazirliyinin saymasından sonarkı 10 gün içində öz qərarını elan edərək yeni prezidenti təqdim etməlidir. Amma bu seçkilərdə Mir Hüseyn Musəvinin seçkilərin nəticələrinə etirazını və İranda əhalinin seçkilərin nəticələrinə dair münasibəti nəzərə alınaraq Ali Dini Rəhbərin icazəsi ilə 10 günlük müddət əlavə olaraq 5 gün daha uzadıldı.

Şuranın Baş Katibi Əhməd Cənnəti Daxili İşlər Naziri Sadiq Məhsuliyə yazdığı məktubda “səslərin 10 faizinin yenidən sayıldığını, bütün etirazların və şikayətlərin araşdırıldığını və seçkilərin nəticələrinin düzgün olmasının müəyyənləşdirildiyini” bildirib. Cənnəti öz məktubunda etirazların əsassız olduğunu da vurğulayıb. O, məktubda bildirib ki, “beləliklə elan edirik ki, seçkilərin gedişi və keçirilməsinə olan etirazları nəzərə alaraq seçki qanununun 80-ci maddəsinə əsasən əlavə müddətdə seçkilərin düzgünlüyünə olan etirazlar və şikayətlər araşdırılıb və seçkilərə təsir edən heç bir qeyri-qanuni iş olmayıb.” Cənnəti bu səbəblə Şuranın seçki qanununun 79-cu maddəsinə əsasən bu seçkiləri təsdiqlədiyini elan edib.
Xatırladaq ki, bundan əvvəl Daxili İşlər Nazirliyi Mahmud Əhmədinejadı 63 faiz səs çoxluğu ilə seçkilərin qalibi elan etmişdi. Seçkilərin nəticələri təsdiqlənməmişdən əvvəl isə Mir Hüseyn Musəvi və Mehdi Kərrubi bildirmişdi ki, onlar yalnız seçkiləri ləğv edilməsini və yeni seçkilərin keçirilməsini tələb ediblər.
Nəticələrin təsdiqlənməsindən əvvəl Tehranın küçələri hərbi qüvvələrin nəzarətinə götürülmüş və insanların grup şəklində hərəkət etməsinə qadağa qoyulmuşdu. Buna baxmayaraq Tehranın mərkəzində bir qrup etirazçı insan zinciri yaratmağa cəhd göstərib, ancaq polis zor tətbiq edərək buna icazə verilməmişdi.
Etirazlara baxmayaraq nəticələrin dəyişdirilmədən elan edilməsi rejimin güzeştə getmək fikrində olmadığını göstərir. Amma Musəvi və Kərrubinin geri çəkilmə niyyətlərinin olmadığı da aydındır. Belə olan halda etirazların uzun müddət davam edəcəyi, amma bunun yalnız küçələrdə klasık formalarla deyil, yeni metodlarla olacağı güman edilir. Bu böhran hakimiyyətin legitimliyinə büyük zərbə vurduğundan Əhmədinejad yeni dövrdə əvvəlkilər kimi işləmək imkanında olmayacaq. Beləliklə bu seçkilərdə həm rejimin, həmdə iqtidarın xalq arasında nüfuzu xeyli dərəcədə zəifləmiş oldu. Üstəlik son seçkilər prosesi inqilabdan sonra qüvvələr arasında küçə mübarizələrinə də səbəb olan böyük bir ziddiyyətin yarandığını göstərib.
Ümumilikdə isə İrandakı proseslərin artıq yeni bir istiqamətə doğru getməyə başladığı güman edilir. Dünyaya meydan oxumağa çalışan bir rejimin ciddi daxili dəstəyə, ideoloji bazaya, heç olmasa qurumlar səviyyəsində ortaq mövqeyə ehtiyacı olduğu şübhəsizdir. Ancaq yeni mərhələdə, dünyaya meydan oxuma davam edərkən daxildə ictimai-siyasi narazılığın bu qədər yüksək səviyyəyə çatması, çox sayıda dini və siyasi liderin mövcud hakimiyyətə sərt şəkildə qarşı çıxması, qısacası ölkədaxili və rejimdaxili gərginliyin gərginliyin zirvəyə çatması İran üçün fərqli bir mənzərənin ortaya çıxması deməkdir.

Hiç yorum yok:

Yorum Gönder